...

Müxalifətyönlü qəzetin baş redaktoru ittiham olunmasına səbəb olan məqalənin özü tərəfindən yazıldığını təsdiqləyib (YENİLƏNİB)

Cəmiyyət Materials 10 Oktyabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Realnıy Azerbaydjan" qəzetinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev qəzetin 30 mart 2007-ci il tarixli sayında Rövşən Bağırov imzası ilə çap olunan "Əliyevlər müharibəyə gedir" başlıqlı yazının özü tərəfindən yazıldığını təsdiq edib. Bu barədə çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə keçirilən prosesdə Fətullayevin özü məlumat verib.

Həmin məqalədə ABŞ-İran müharibəsi başlayacağı təqdirdə bunun Azərbaycan üçün yaradacağı təhlükədən danışılıb. Qeyd olunub ki, müharibə başlayacağı təqdirdə rəsmi Bakı anti-İran koalisiyasına qoşularsa, İran Azərbaycanın neft-qaz infrastrukturuna, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə və strateji obyektlərə zərbə endirə bilər.

Həftədə bir dəfə rus dilində nəşr olunan "Realnıy Azerbaydjan" və hər gün çap edilən "Gündəlik Azərbaycan" qəzetlərinin təsisçisi və baş redaktoru Fətullayev Cinayət Məcəlləsinin terrorçuluqla hədələmə (214.1-ci), qulluq mövqeyindən istifadə etməklə, milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma (213.2.2) maddələri ilə ittiham olunur.

Fətullayev aperiln 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladeznin iddiası əsasında,Yasamal rayon məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Fətullayev qeyd edib ki, məqalənin müəllifini müəyyənləşdirmək üçün rəhbərlik etdiyi qəzetlərin xeyli sayda əməkdaşı istintaqa dəvət olunub: "Mən bəyan edirəm ki, "Rövşən Bağırov" imzası ilə çap olunan məqaləni özüm yazmışam".

Məhkəmə prosesində dövlət ittihamçısı Çingiz Şükürov ittiham aktını elan edib. İttiham aktında qeyd olunub ki, Fətullayev Azərbaycan dövlətini terrorla hədələməkdə, ölkənin cənub bölgəsində milli, etnik düşmənçilk yaratmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə küllü miqdarda vergidən yayınmaqda ittiham olunur.

Hakimin sualına cavab olaraq Fətullayev bildirib ki, ittihamlar ona aydın deyil və özünü bu ittihamlar üzrə günahkar hesab etmir: "Cinayət törətsəm məni həbs edin. Amma fikirlərimə görə məni həbsdə saxlamaq olmaz".

Bundan sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. Fətullayev əfv olunmaq üçün prezident İlham Əliyevə ərizə ilə müraciət etdiyini təsdiqləyib.

"Mən əfv olunmaq üçün prezident İlham Əliyevə müraciət etmişəm. Bunu Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqin xahişi ilə etmişəm. Bəzi mətbuat orqanlarında bu hərəkətimə müxtəlif yanaşmalar əks olunub. Mən əcəb edib prezidentə müraciət etmişəm. Prezidentə deyil, kimə müraciət etməliydim? " - deyə Fətullayev əlavə edib.

Fətullayev Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevi həbsdə olduğu müddətdə onun müdafiəsi üçün heç bir addım atmamaqda günahlandırıb: "Etibar Məmmədov İran səfirliyinin qarşısında piket keçirir, cünki orada pul var. ABŞ ona pul verir. Amma Eynulla Fətullayevin atasının pulu yoxdur. Qüdrət Həsənquliyev isə müxtəlif təşkilatlar yaradaraq, gedib Brüsseldə və Avropanın başqa şəhərlərində piketlər keçirir. Amma bir dəfə də olsun MTN-nin qarşısında piket keçirmədilər".

Məhkəmə prosesi cümə axşamı saat 10.00-da təqsirləndirilən şəxsin ifadəsi ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti