...

DİN-in sabiq idarə rəisi: Haqq-ədləti ortaya çıxarın, günahım olarsa, güllələyin, razıyam

Cəmiyyət Materials 23 Oktyabr 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ DİN-in Baş-Cinayət Axtarış İdarəsinin həbsdə olan sabiq rəisi Zakir Nəsirov Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə baş prokurorun, məhkəmələrin ünvanına sərt ittihamlarla çıxış edib.

Apellyasi Məhkəməsində keçirilən bugünkü prosesdə banda başçısı Hacı Məmmmədov və təqsirləndrilən digər 22 nəfər şəxs iştirak edir.

Trend in məlumatına görə, çərşənbə axşamı Baş-Cinayət Axtarış İdarəsinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi dəstənin üzvlərinin apellyasiya şiakyəti üzrə keçirilən prosesdə çıxış edən ömürlük azadlıqdan məhrum edilmiş Nəsirov saxta ittihamlarla həbs olunduğunu, həbsinin sifarişli olduğunu deyib: "Mən bir dəyyusun, podlesin (Hacı Məmmədovu nəzərdə tutur) ifadələri ilə burda oturmuşam. Haqq-ədləti ortaya çıxarın, günahım olarsa, güllələyin, razıyam. Orqanlarda işlədiyim 37 ildə bir motal belə alsaydım, onu da ortaya çıxarardılar. MTN 2 il 3 ay çox qazdı, dövlətin mənə verdiyi evdən başqa heç nə tapmadı. Siz də qazın, heç nə tapmayacaqsız. Allah bunu mənim başıma gətirənlərin ailəsinin başına gətirsin. Hamının axırına çıxacam. Bunun geci, tezi var. Allah mənimlə olacaq".

Prosesə sədrlik edən hakim Rəsul Səfərov Nəsirovun ittihamlarına cavab olaraq onu obyektiv olmağa, ədalətli danışmağa çağırdı: "Ədalət istəyirsiniz ədalətlə danışın. Etdiklərinizi danışın. Əziyyət verdiyiniz şəxslər haqqında danışın".

Nəsirovun vəkili Adil İsmayılov 21 bəndlik vəsatətlə məhkəmədə çıxış edib. Vəkil apellyasiya şikayətlərinin məhkəmə istintaqı aparılmaqla araşdırılmasını xahiş edib. Vəkil hesab edir ki, birinci instansiya məhkəməsi qeyri-obyektiv, qərəzli istintaq aparıb və hüquqlarını müdafiə etdiyi şəxs barəsində qanunsuz hökm çıxarıb. Bu səbəbdən də İsmayılov apellyasiya instansiyasında baş prokuror Zakir Qaralovun, müavini Rüstəm Usubovun, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin, milli təhlükəsizlik nazirinin sabiq müavini Tofiq Babayevin, Baş Prokurorluğun idarə rəisi Eldar Əhmədovun şahid qismində, bəzi epizodlarla bağlı əlavə şahidlərin dindirilməsi, bəzi sənədlərin və maddi sübutların araşdırılmasını, Hacı Məmmədovun mərhum kriminalist Rövşən Əliyevlə, Hacı Məmmədovun Zakir Nəsirovla telefon danışıqlarının məhkəməyə təqdim olunmasını məhkəmədən xahiş edib.

Vəkil bu vəsatyətlərin verilməsini digər məhkəmə instansiyalarında ona irad tutulmaması ilə əlaqələndirib. İsmayılov çıxışının sonunda bildirib ki, vəsatəti təmin olunarsa, iş üçün əhəmiyyətli olan bəzi sənədləri məhkəməyə təqdim edəcəcək.

Ismayılovun vəsatəti proses iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Bəzin vəkillər və təqsirləndirilənlər prosesin bu mərhələsində belə bir vəsatətin verilməsini qanunsuz sayıblar və qeyd ediblər ki, bu vəsatət hazırlıq iclasında verilib və təmin olunmayıb.

Dəstə başçısı Hacı Məmmədovun vəkili Səməd Əliyev baş prokurorunn, müavininin, milli təhlükəsizlik nazirinin sabiq müavininin və digər vəzifəli şəxslərin şahid qismində çağırılacağı təqdirdə, daxili işlər naziri Ramil Usubovun da şahid kimi məhkəməyə çağrılmasını vacib sayıb.

Dəstə başçısı Hacı Məmmədov çıxışında vəkil Adil İsmayılovun vəsatətinin araşdırılmasına etiraz etməyib. O, vəkilin ünvanına sərt ittihamlar da irəli sürüb. "Adil İsmayılov ilk gündən bu işə aidiyyatı olmayan məsələlərdən danışır. Onun məqsədi var, özünün reytinqini, qonararını qaldırmaq istəyir. Buna özündən başqa ucuz mətbuatı da cəlb edib. Məhkəmə başlayan günü Adil İsmayılov "Avropa Məhkəməsində görüşərik" replikasını atdı. Avropa bu işdə bizə niyə şərik olmalıdır? Onun burdakı, Avropadakı təcrübəsini də görmüşük. Onun müdafiə etdiyi erməni zabitini qətlə yetirən Azərbaycan Ordusunun zabiti Ramil Səfərova ömürlük həbs cəzası verdilər. Prokuror işlədiyi vaxt onunla işləyən kollektivi, Ali Məhkəməni rüşvətxorluğda ittiham etdi. O, kimə daş atmayıb, O bu auditoriyadan öz məqsədləri üçün istifadə edir",-deyə Hacı Məmmədov bildirib.

Məhkəmə vəsatətin müzakirəsi üçün oktyabrın 24-dək müşavirəyə çıxıb..

Məhkəmənin hökmü ilə Hacı Məmmədov əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Dəstə üzvü Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15l, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13, Ədalət Əsədullayev, Novruz Nuriyev 12, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev isə 8 il azadlıqdan məhrum edilib. Aqil Hüseynov və Azər Əliyevə 2 il şərti iş verilib.İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün cərimə barəsindəki cinayət işinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti