Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Həbsxanalarda ictimai nəzarəti həyata keçirən Komitənin yeni tərkibi formalaşdırılır.
Ədliyyə Nazirliyindən Trend ə bildirilib ki, İctimai Komitənin bir illik səlahiyyət müddəti sentyabrda başa çatıb.
Ötən ilin sentyabrında formalaşmış ədliyyə naziri yanında məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin üzvləri bir il ərzində 19 həbsxanaya 42-dən çox başçəkmə həyata keçirib. Başçəkmənin nəticələri üzrə ədliyyə nazirinə müvafiq hesabatlar təqdim olunub.
Hazırda Seçki Komissiyası Komitə üzvlərinin fərdi hesabatları əsasında qurumun fəaliyyətinin qiymətləndirilməsini və təhlillərin aparılmasını həyata keçirir. Komitənin yeni tərkibinin formalaşdırılmasında iştirak etmək üçün insan haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri əməkdaşlığa dəvət olunublar.
İctimai Komitədə iştirak etmək istəyən QHT-lərin proqram və təklifləri Seçki Komissiyası tərəfindən qiymətləndiriləcək. Komitənin yeni tərkibi təklif və proqramları bəyənilən QHT-lər və hüquq müdafiəçilərindən yaxın gələcəkdə formalaşdırılacaq.