...

Türkdilli dövlət və cəmiyyətlərin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının vaxtı elan olunub

Cəmiyyət Materials 29 Oktyabr 2007 18:12 (UTC +04:00)
Türkdilli dövlət və cəmiyyətlərin XI dostluq,  qardaşlıq və əməkdaşlıq  qurultayının vaxtı elan olunub

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının vaxtı dəqiqləşib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qurultay noyabrın 17-18-19-da Bakıda olacaq. Qurultayda türkdilli dövlətlərdən 500-ə yaxın qonağın iştirakı, həmçinin, türkdilli ölkələrin yüksək rütbəli şəxslərinin iştirakı nəzərdə tutulub.

Türkiyədən baş nazir Rəcəb Tayyib Ərdoğanın, keçmiş prezident Süleyman Dəmirəlin iştirakı gözlənilir.

Qurultayın məqsədi türk dövlətləri və dünyadakı türkdilli icmalar arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk dövlət cəmiyyətlərinin ümumi problemlərini birlikdə həlli yollarını araşdırmaqdır.

XI qurultaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Monqolustan Respublikaları ilə yanaşı, Rusiya Federasiyasının Altay, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, Qabardin-Balkar, Tatarıstan, Qaracay-Çərkəz Respublikalarında, Krım, Rumıniya, Bolqarıstan, Kosovo və Yunanıstanın Qərbi Trakya bölgəsində yaşayan turkdilli xalqların nümayəndələri, Kumık, Noqay, Şimali Kipr, Qaqauz, Ahıska turkləri qatılacaqlar. Həmçinin Amerika, İdil-Ural, Sibir, Yaxın Şərq, Əfqanıstandakı türk cəmiyyətlərinin nümayəndələri, millət vəkilləri, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və Türk icmalarının rəhbərləri də tədbirə dəvət olunublar.

Qurultay çərçivəsində Türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, Türk dünyasının mədəni irsinin təbliği, Türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə ediləcək. Eyni zamanda Türk dünyasını narahat edən bir sıra digər problemlər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı sahəsində mövcud olan çətinliklərlə də bağlı fikir mübadiləsi aparılacaq.

Rəsmi açılışdan sonra qurultay işini 6 komissiyada-"Beynəlxalq əlaqələr, mediya və informasiya texnologiyaları", "İqtisadi, ticarət, maliyyə əlaqələri və turizm", "Elm, təhsil və texnologiya" "Cəmiyyətin idarə olunması və hüquq", "Dil və Mədəniyyət" və "Gənclik" komissiyalarında davam etdirəcək. Tədbirin sonunda komissiyaların hesabatları dinləniləcək və qurultayin yekun hesabatı qəbul olunacaq. Bundan başqa, qurultayda ABŞ Nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi Osmanlı imperiyasında işğalçı qüvvələrlə əməkdaşlıq edən erməni əhalisinin bir hissəsinin köçürülməsi ilə bağlı 1915-ci ildə baş vermiş hadisələrin "soyqırımı" kimi adlandırılması haqqında 106 nömrəli qətnamə layihəsini pisləyən bəyanatın da qəbul edilməsi gözlənilir.

Türkdilli dövlətlərin və cəmiyyətlərin dostluq, qardaşlıq qurultayı indiyədək yalnız Türkiyədə keçirilib. İlk dəfə bu qurultay digər bir ölkədə, yəni, Azərbaycanda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti