...

Müğənni Elariz, reper Nado ilə media önünə çıxacaq

Cəmiyyət Materials 6 Noyabr 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /müx. TrendLife Şahin Cavadsoy/

Müğənni Elariz bu günlərdə musiqisi Elvin Musayevə, sözləri gənc reper Nadoya məxsus "Gəl desən, gələrəm" adlı ritmik mahnısına klip çəkdirib. Bu barədə Elariz özü TrendLife-a verdiyi açıqlamada bildirdi. Söhbət zamanı müğənni xüsusi olaraq onu da vurğuladı ki, sözügedən mahnı pop janrında olduğu üçün, öz istəyi ilə onun replə sintez olunmasına razılıq verib. Rep hissəsini isə mahnının sözlərinin müəllifi reper Nado oxuyub. Mahnısını ilk dəfə replə sintez edən Elariz tərəf müqabili qismində Nadonu seçməsinə isə belə açıqlama verdi:

"Əvvəllər populyar reperlərimizdən də sintez üçün təkliflər almışdım. Sadəcə, repin sözləri Nadoyə məxsus olduğu üçün düşündüm ki, onun sözlərini başqa reperlə oxusam düzgün çıxmaz. Üstəlik, Nado o qədər də populyar olmasa belə, çox istedadlıdır. Onun rep deməsi, ümumiyyətlə üslubu çox xoşuma gəlir. Nadonun istedadlı olmasını yazdığı sözlərdən də anlamaq olur. O gəncdir və gənclərə meydan vermək biz müğənnilərin borcudur".

Qeyd edək ki, sintez olunmuş mahnıya klip çəkdirmək ideyası Nadonun prodüseri Samir Səməddən gəlib. Ekran versiyası Rəhman Əliyevə məxsusdur. Bu yaxınlarda klipin təqdimat mərasimi keçiriləcək və müzakirə olunması üçün ilkin olaraq jurnalistlərin ixtiyarına veriləcək. Klipin efirdə yayımlanmasına gəlincə, bu missiyanı Nado öz öhdəsinə götürüb.

Elarizlə söhbət zamanı diqqətimizdən qaçmayan bir məqam da oldu. Bu da ondan ibarət idi ki, müğənninin avtomobilinin pəncərələrindən qara plyonka sökülmüşdü. Müğənniyə "Sizin də maşınınızın pəncərələrindən plyonkaları Nadir Qafarzadədə olduğu kimi polislər çıxarıb?" - sualını ünvanladıqda, o, bunu inkar etdi. Bildirdi ki, ölkə başçısının bu barədə fərmanını radioda eşidən kimi dövlət qanunlarına daim hörmət etdiyi üçün özü zəhmət çəkərək avtomobilinin pəncərələrindən plyonkaları söküb.

Xəbər lenti

Xəbər lenti