...

DİN-in sabiq əməliyyat müvəkkilinin rəhbərlik etdiyi dəstənin işi ilə bağlı məhkəmə prosesi başa çatıb

Cəmiyyət Materials 13 Noyabr 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstə üzvlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Məmmədovun rəhbərlik etdiyi dəstə 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı ifşa olunub. Dəstənin sonuncu cinayəti 2005-ci ilin fevralında Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanması olub.

Keçirilən "Qara kəmər" əməliyyatı zamanı Hacıyeva azad olunub, dəstə üzvləri isə həbs olunublar. Məmmədov cinayətkar dəstənin daha bir neçə üzvünün azdlıqda olduğunu bildirib. MTN-də aparılan ibtidai istintaq zamanı Məmmədov və rəhbərlik etdiyi dəstənin 1995-ci ildən 2005-ci ilədək 13 qətl və 8 adam oğurluğu və digər cinayətlər törətdiyi müəyyən olunub. Dəstənin bir üzvü qadın - Məmmədovun vətəndaş nigahında yaşadığı həyat yoldaşıdır.

Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər və vəkilləri dövlət ittihamçısının çıxışına münasibət bildiriblər.

Dövlət ittihamçısı çıxışında dəstə üzvləri barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.

Təqsirləndirilənlərin və vəkillərin replikasından sonra məhkəmə yekun qərarın qəbul olunması üçün müşavirəyə gedib.

Yekun qərar noyabrın 23-də elan olunacaq.

Dəstə başçısına Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb və barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15 il, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 12 il, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10 il, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9 il, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev 8 il iş alıb. Aqil Hüseynov (2 il maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) 2 il şərti, Azər Əliyev 2 il şərti azadlıqdan məhrum edilib. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti