...

"Azadlıq" qəzetinin həbsdə olan baş redaktorunun səhhəti ilə bağlı azadlığa buraxılması üçün məhkəməyə müraciət olunacaq

Cəmiyyət Materials 26 Noyabr 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ "Azadlıq" qəzetinin həbsdə olan baş redaktorunun səhhətindəki problemlə bağlı azadlığa buraxılması üçün məhkəməyə müraciət olunacaq.

Baş redaktor Qənimət Zahidin vəkili Elçin Sadıqlı bazar ertəsi Trend ə bildirib ki, Zahidin gözlərində problem var. Həmçinin baş redaktorun ayaqlarında güclü ağrılar başlayıb.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Həbsxana şəraitinin baş redaktorun səhhətinə mənfi təsir göstərdiyini deyən vəkil bildirib ki, Zahidin bu şəraitdə müalicə alması mümkün deyil və müalicə effektli nəticə verməyəcək.

Vəkil bildirib ki, bu məqsədlə baş redaktorun həkim müayinəsindən keçirilməsi üçün istintaqa da müraciət olunacaq

Bir neçə gün öncə Yasamal məhkəməsi Zahidin girov qoyulmaqla həbsdən azad olunması barədə vəkillərin verdiyi vəsatəti rədd edib. Zahidin həbsi barəsində Yasamal rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Noyabrın 7-də baş redaktor Vüsal Hüseynov adlı şəxs tərəfindən hücuma məruz qalmış, bununla bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına şikayət etmişdi. Lakin baş redaktor qarşı tərəfin şikayəti əsasında həbsə atılıb. Qarşı tərəf də həbs olunub.

Əgər ittihamlar sübut olunarsa, baş relaktoru 3 ilə qədər həbsi gözləyir.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

Zahid həbsini ona qarşı hazırlanmış təxribat hesab edir.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 8 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti