...

Azərbaycanın iki ulduzu qucaqlaşıb, barışdı

Cəmiyyət Materials 29 Noyabr 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /müx. TrendLife Günel Əhmədova/

Şou-biznesdən söhbət düşəndə, insanların əsas hədəfi küsülü müğənniləri çəkib-çevirmək olur. Ən çox barəsində danışılan Röya və Aygün münasibətləri onların fanatlarını iki cəbhəyə ayırıb. Müxtəlif forumlarda, radio dalğalarının keçirdiyi sorğularda fəal iştirak edən fanat ordusu məlum mövzu istiqamətində soyuq müharibə elan edir, bir-birini söz atəşinə tuturdular. Amma deyəsən, tezliklə onlar arasında atəşkəs elan olunacaq. Çunki tərəflər barışmağa qərar veriblər, daha doğrusu barışıblar. Missiyanın səbəbkarı isə 106.3 fm-in fəallarıdır - efir direktoru Emin Musəvi və radioaparıcı Elxan.

Elxan TrendLife-ın müxbirinə söylədi ki, Emin Musəvi radiodakı fəaliyyətinin 10 illiyi münasibəti ilə dalğaya Röyanı qonaq dəvət edib. Radionun yerləşdiyi ATV-nin binasında isə Aygün Kazımova qonaq olub.

Radionun DJ-yi Aygünü başqa səbəblə studiyaya dəvət edib: "Otağa yaxınlaşanda içəridə Röyanın olduğunu dedim. Elə bu zaman Röya təsadüfən Aygünün "Yenə tək" mahnısı haqqında xoş sözlər söyləyirdi. Bu da Aygünün ürəyincə oldu. İçəri keçdi və Röya ayağa qalxaraq Aygünü qucaqladı. Hər ikisi barışdılar".

Bir-birinin şəninə təriflər söyləyən tərəflər əslində kinli olmadıqlarını dilə gətiriblər. Aygün isə öz növbəsində bildirib ki, o, Röyanın "Təkcə səni" mahnısını çox bəyənir və radioda səslənəndə diqqətlə qulaq asır.

Xəbər lenti

Xəbər lenti