...

"Yeni Müsavat" qəzetinin baş redaktoru həbsdə olan həmkarının aclıq aksiyasına qoşuldu

Cəmiyyət Materials 10 Dekabr 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu həbsdə olan aclıq aksiyası keçirən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə dəstək olaraq bu gündən aclığa başlayıb. Bu barədə bazar ertəsi Trend ə Arifoğlu özü açıqlama verib.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub. Cinayət işinin istintaqı artıq yekunlaşıb və əgər ittihamlar sübut olunarsa, Zahidi 3 ilə qədər həbs cəzası gözləyir.

Hazırda Azərbaycanda 9 nəfər jurnalist həbsdədir, 8-i məhkum, biri təqsirləndirilən şəxsdir.

Arifoğlunun sözlərinə görə, aksiyası müddətsiz olacaq, səhhətində ciddi fəsadlar yaranmasa, 3 gün iş rejimində, növbəti günləri yataqda aclığı davam etdirəcək.

"Jurnalistlərin jurnalistlərdən başqa dostu yoxdur. Ona görə də mən Qənimət Zahidə mənvi dəstəyimi və Azərbaycan mətbuatının ağır durumda, jurnalistlərin təhlükə altında olduğunu nümayiş etdirmək üçün aclıq aksiyasına başlamışam" - deyə Arifoğlu bildirib.

O əlavə edib ki, dövlət orqanları etiraz aksiyaları, mitinqlər keçirilməsinə imkan vermədikləri üçün jurnalistlərin etirazlarını bildirmək üçün yalnız özlərinə gücü çatır. Arifoğlunun sözlərinə görə, "Yeni Müsavat" qəzetinin əməkdaşı Aytən Həsənova, "Bizim yol" qəzetinin əməkdaşı Seymur Həziyev, "24 saat" qəzetinin baş redaktoru, həbsdə olan Fərəməz Allahverdiyev də aclıq aksiyasına qoşulmaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti