...

Azərbaycanda əfv fərmanının imzalanması üçün siyahı hazırdır-Əfv Komissiyasının üzvü

Cəmiyyət Materials 13 Dekabr 2007 16:26 (UTC +04:00)
Azərbaycanda əfv fərmanının imzalanması üçün siyahı hazırdır-Əfv Komissiyasının üzvü

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda növbəti əfv fərmanının imzalanması üçün Prezident yanında Əfv Komissiyası iclasları intensiv keçirməyə başlayıb. Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev bildirib ki, əfv fərmanının imzalanması üçün komissiyaya daxil olan müraciətlərə baxılır.

1995-ci ilin iyulundan bu günədək Azərbaycan prezidenti tərəfindən 42 əfv fərmanı imzalanıb. Əfv fərmanları 4584 məhkuma şamil olunub. Onların böyük əksəriyyəti cəzasının qalan hissəsini çəkməkdən azad olunub, digər qisminin cəzası yarıya qədər azaldılıb. İmzalanmış əfv fərmanı ilə 41 yetkinlik yaşına çatmayan, 168 əlil, xəstə və qoca, 77 qadın cəzasını çəkməkdən azad olunub. Əfv fərmanları ilə, ömürlük azadlıqdan məhrum edilmiş 28 məhkum bağışlanıb. Onların bir neçəsi cəzasını çəkməkdən azad olunub, bir qisminin cəzası 25 ilə endirilib.

Quliyev bildirib ki, Əfv Komissiyası siyahını tam hazır etdikdən sonra Azərbaycan prezidentinə təqdim edəcək. Millət vəkili dekabrın sonlarına qədər növbəti əfv fərmanının imzalanacağının gözlənildiyini deyib.

Əfv Komissiyasının digər üzvü Vaqif Səmədoğlu isə, Trend ə bildirib ki, komissiya artıq 200-ə yaxın müraciətə baxıb. "Azərbaycan prezidenti nə vaxt tələb etsə, komissiya siyahını prezidentə təqdim edəcək" - Səmədoğlu əlavə edib. Onun sözlərinə görə, növbəti əfv üçün siyahı hazırdır.

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev həftənin əvvəlində jurnalistlərə növbəti əfv fərmanıyla, həbsdə olan jurnalistlərin azadlığa buraxılacağının mümkünlüyünü bildirib.

Azərbaycanda peşə fəaliyyətinə görə 9 jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti