...

Apellyasiya Məhkəməsi "Barmek"in işini təkrar baxışa göndərmədi

Cəmiyyət Materials 18 Dekabr 2007 18:05 (UTC +04:00)

Azərbaycan,Bakı Trend , müxbir K.Zərbalıyeva/ "Barmek"in prezidenti və 6 əməkdaşı barəsində cinayət işinin təkrar məhkəmə baxışına qaytarılması ilə bağlı müdafiə tərəfinin vəsatətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

Bu barədə çərşənbə axşamı Barmek"in əməkdaşları barəsində məhkəmə hökmündən verilmiş apellyasiya şikayəti üzrə keçirilmiş hazırlıq iclasında qərar qəbul olunub.

İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin "Barmek Holdinq A.Ş" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "Bakıelektrikşəbəkə" ASC-nin idarə edilməsi hüququ 25 il müddətinə həmin şirkətə verilib. İstintaqla müəyyən olunub ki, müqavilə ilə nəzərdə tutulmuş investisiya proqramına əsasən, şirkət tərəfindən ilk 5 il ərzində 51 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulsa da, "Barmek" şirkəti tərəfindən, əslində, heç bir investisiya qoyulmamış, nəzərdə tutulduğundan xeyli az investisiya müəyyənləşməsi isə, bütövlükdə "Barmek"in istehlakçıları hesabına həyata keçirilib. İttihama görə, "Barmek" MMC-nin əməkdaşları tərəfindən elektrik enerjisinin istifadəsinə görə istehlakçılardan toplanmış külli miqdarda pul - 9 milyon 143 min 940 AZN özgə əmlakını mənimsəmə və ya israf etmə yolu ilə talan edilib.    

Müdafiə tərəfi hesab edir ki, Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmə cinayət işini ararşdırarkən, cinayət-prosessual qanunvericiliyin tələblərini pozub.

Məhkəmədən Trend ə bildirilib ki, məhkəmə baxışının dekabrın 26-da keçirilməsi qərara alınıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə şirkətin prezidenti Hüseyn Arabula, 2 il 6 ay müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, 5 il sınaq müddətinə 8 il şərti cəza verilib. Bu müddətdə onun Azərbaycandan kənara çıxmasına məhkəmə qadağa qoyub. Şirkətin vitse-prezidenti Ömər Güney 5 il sınaq müddətinə 7 il şərti iş alıb, Vəfa Ağayevə isə, 1 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Bu müddət onun həbsdə saxlanıldığı müddətə hesablanılıb, müddət bitdiyi üçün o, məhkəmə zalından azad olunub. Mahir Novruzov 2 il sınaq müddətinə 4 il şərti, Valeh Zeynalov 3 il sınaq müddətinə 5 il şərti cəza alıblar, Əsgər Əsgərzadəyə isə 1 il 6 ay 2 gün azadlıqdan məhrumetmə cəzası verilib. Bu müddət onun həbsdə saxlanıldığı müddətə hesablanıb və müddət bitdiyindən,, o, məhkəmə zalından azad olunub. Çingiz Abdullayevə isə 2 il 6 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası verilib və həbsdə saxlanıldığı müddəti 1 günü 2 gün hesablanmaqla, məhkəmə zalından azad olunub. Məhkəmə "Bakıelektrikşəbəkə"nin xeyrinə Hüseyn Arabul, Ömər Qüney və Vəfa Ağayevdən, müştərək qaydada vurulmuş ziyana görə cərimə cəzası təyin edib.

Baş Prokurorluq da hökmlə razılaşmayıb və şirkətin əməkdaşlarına verilən cəzaların həddən artıq yüngül olduğunu əsas gətirərək, onların cəzasının sərtləşdirilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti