...

Azərbaycanlı köçkünlərin Ermənistana qarşı iddiası ilə bağlı Avropa Məhkəməsində araşdırma aparılır

Cəmiyyət Materials 26 Dekabr 2007 12:57 (UTC +04:00)
Azərbaycanlı köçkünlərin Ermənistana qarşı iddiası ilə bağlı Avropa Məhkəməsində araşdırma aparılır

Azərbaycan, Bakı / " , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdən məcburi köçkün düşmüş vətəndaşlardan bir qrupunun şikayəti üzrə Azərbaycan dövlətinin mövqeyi Avropa Məhkəməsinə təqdim olunub.

Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov çərşənbə günü Trend ə bildirib ki, dövlətin bu iş üzrə mövqeyi Avropa Məhkəməsi tərəfindən Ermənistan dövlətinə təqdim olunub.

İşğal olunmuş Laçın rayonundan məcburi köçkün düşmüş Çıraqov və digər 5 nəfər Ermənistana qarşı Avropa Məhkəməsinə şikayət verib və hazırda bu iş Avropa Məhkəməsi tərəfindən araşdırılır.

Əsgərov qeyd edib ki, Ermənistan bu işlə bağlı öz qeydlərini, mövqeyini Avropa Məhkəməsinə bildirib. Yanvar ayında isə Ermənistan hökuməti Azərbaycan dövlətinin qeydlərinə münasibətini Avropa Məhkəməsinə təqdim etməlidir.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Ermənistana qarşı işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlar tərəfindən ötən il və bu il 600-dən artiq şikayət göndərilib: "Avropa Məhkəməsi Çıraqov və digərlərinin işinə baxandan sonra bu işlə bağlı qərar pilot qərar kimi rəhbər tutulacaq və digər şikayətlərə də eyni qaydada baxılacaq. Avropa Məhkəməsi belə bir taktikaya üstünlük verib" - deyə səlahiyyətli nümayəndə vurğulayib.

Şikayətdə Azərbaycan vətəndaşları mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər.

Laçin rayonu 17 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub və 67 min laçınlı məcburi köçkün düşüb.

Xəbər lenti

Xəbər lenti