...

Azərbaycan paytaxtındakı xristian qəbiristanlığının dövlət hesabına köçürülməsi barədə qərar verilib

Cəmiyyət Materials 18 Yanvar 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir Q.Cəbiyev/ Bakının Nərimanov rayonunun ərazisində yerləşən xristian qəbiristanlığından məzarların köçürülməsi heç bir milli, dini, irqi ayrı-seçkiliyə yol verilmədən, dini etiqada, adət-ənənələrə tam riayət edilməklə, imkan daxilində mərhumun qohumlarının, yaxınlarının iştirakı ilə dövlət hesabına həyata keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətindən cümə günü Trend ə bildiriblər ki, bu barədə qərar dünən icra başçısı Hacıbala Abutalıbovun sədrliyi ilə Bakı şəhərindəki qəbiristanlıqlarda səliqə-səhman yaradılması və yeni salınan qəbiristanlıqların milli-estetik tələblərə uyğunlaşdırılmasının təmin edilməsi məqsədi ilə yaradılan işçi komissiyanın növbəti iclasında qəbul edilib.

Xristian qəbiristanlığı Bakıda yeni magistral yolların çəkilməsi ilə bağlı köçürülməlidir. Qəbiristanlıqların bir qismi artıq köçürülüb. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə qəbiristanlıqların köçürülməsi üçün Hövsan qəsəbəsində xüsusi torpaq ərazisi ayrılıb.

İcra Hakimiyyətindən bildirilib ki, qərarda komissiyaya daxil olan hər bir müraciətə ayrılıqda baxılaraq müvafiq tədbir görülməsi, aparılan işlər barədə ictimaiyyətə vaxtında məlumatın çatdırılması və şəffaflığın tam təmin edilməsi nəzərdə tutulub.

Komissiya ötən ilin sonlarında Abutalıbovun sərəncamı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti