Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir A.Salmanov/ Bakının Səbail rayonu ərazisində Polis Sahə Müvəkkilliyinə silahlı hücum edərək bir nəfəri qətlə yetirən, 3 nəfəri isə yaralayan Xanlar Məmmədovun barəsindəki cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib. Bakı Şəhər Prokurorluğundan Trend a verilən məlumata görə, Məmmədova qarşı Cinayət Məcəlləsinin iki və daha çox şəxsi öldürməyə cəhd (29,120.2.7-ci), qəsdən adam öldürmə (120-ci) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) maddələri ilə ittiham irəli sürülüb.
İş baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. İş məhkəməyə yeni daxil olduğundan hələlik icraata verilməyib.
2007-ci il noyabrın 21-də Məmmədov Səbail rayonunun 20-ci sahə deyilən ərazisində sahə müvəkkili Zakir Sadıqovdan qisas almaq məqsədilə Polis Sahə Müvəkkilliyinə silahlı hücum edib, onu orada görmədikdə müqavimət göstərən digər əməkdaşa atəş açıb. Nəticədə müvəkkillikdə ev alqı-satqısı ilə məşğul olan, Qobustan sakini, 1964-cü il təvəllüdlü Müslüm Cəbrayılov qətlə yetirilib, müvəkkilliyinin əməkdaşı, polis leytenantı İmdad Nəzərov isə qulaq nahiyəsindən güllə yarası alıb. Bundan sonra Məmmədov Zakir Sadıqovun sahə müvəkkilinin Aydın Quliyev küçəsində yerləşən evinə gedərək, ona və həyat yoldaşı Mehriban Sadıqovaya odlu silahla xəsarət yetirib.
Məmmədov hadisədən bir gün sonra Gəncədə həbs edilib