...

Faytonçu Nazimin disk təqdimatı əsl dost məclisinə çevrildi

Cəmiyyət Materials 8 Aprel 2008 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Dünən Bakı Əyləncə Mərkəzində müğənni Faytonçu Nazim iki yeni kompakt diskinə təqdimat mərasimi keçirdi. İncəsənət və mədəniyyət xadimləri, iş adamları, eləcə də media mənsublarının cəm olduğu tədbir əsl dost məclisini xatırladırdı. Rəhbəri olduğu "Kainat" instrumental qrupunun üzvləri ilə ərsəyə gətirdiyi musiqi albomları - "Nazim" və "Non Stop" adlanır. Birinci diskdə müğənninin 15 lirik mahnısı toplanıb. Oqtay Rəcəbov, Ələkbər Tağıyev, Faiq Sücəddinov, , Rauf Məmmədov, Nadir Əzimov kimi bəstəkarların, Baba Vəziroğlu, Zivər Ağayeva, Rəsmiyyə Sabir, Rafael Dadaşov kimi nəğməkar şairlərin mahnıları daxil olunub. Disk "Səbuhi" studiyasının istehsalıdır. "Non-stop" "İlkin" studiyasının istehsalıdır və 5 trekdən ibarətdir. Bura "Çahargah" kompozisiyası, Azərbaycan rəqslərindən ibarət popuri 2 trekdə təqdim olunub. Oynaq mahnılar və "Vağzalı" el havasının yeni versiyası musiqi albomunu tamamlayır.

Tədbirdən öncə sevincini TrendLife-la bölüşən Nazim, ilk əvvəl "Kainat" qrupunun üzvlərinin adlarını bir-bir sadalayıb, onlara təşəkkürünü bildirdi: "Faiq Əlibalayev (qarmon), Aydın Yəhyayev (klarnet), Kamil Mustafazadə (skripka), İlqar Məmmədov(sintezator), Elşən Qasımov(nağara), Natiq Qasımov (sintezator), Fuad Cəfərov(zərb alətləri). Bu musiqiçilər neçə ildir "Kainat" qrupundadırlar. Hesab edirəm ki, onların hər biri peşəkardır. Və bu uğurumuzu hamımızın adıyla bağlayıram".

Aktrisa Fidan Axundovanın aparıcılığı ilə başlanan təqdimat mərasimində Nazim əvvəl qonaqlarını salamladı. Daha sonra tədbir iştirakçıları "Vağzalı" kompozisiyasına qulaq asdılar. Azərbaycan rəqslərindən danışan tarix elmləri doktoru, etnoqraf Nərgiz Quliyeva "Kainat" qrupunun missiyasını yüksək qiymətləndirib, Nazimə yeni-yeni müvəffəqiyyətlər arzuladı. Folklorşünas Rafiq İmrani və musiqiçi əməkdar artist Zakir Mirzəyev də "Non stop"albomuna daxil olan rəqsləri günün təlabatı kimi qiymətləndirdilər. Xalq artistləri-Canəli Əkbərov, Rafael Dadaşov, Telman Adıgözəlov, Faiq Sücəddinov, Zaur Rzayev, Avtandil İsrafilov, Sadıq Zərbəliyev, Akif İslamzadə; əməkdar artistlər- Ədalət Şükürov, Çingiz Əhmədov; tele-aparıcı, radio-dj Rahib Azəri, şoumen Murad Dadaşov və başqaları söz alıb danışmasalar da, Nazimə dəstək olub, onu xoş sözlərlə təbrik etdilər.

Xəbər lenti

Xəbər lenti