Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Aqil Xəlil baş prokurora müraciət edərək, ifadəsi alınarkən ona istintaq qrupunun əməkdaşları tərəfindən işgəncə verildiyini və ifadəsinin zorla alındığını bildirib.
Baş Prokurorluq "Azadlıq" qəzetinin qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslər tərəfindən bıçaqlandığı iddia olunan müxbirinə işgəncə verilməsi və ondan zorla ifadə alınması ilə bağlı nəzarət qaydasında icraata başlayıb.
Bu barədə cümə axşamı Trend a jurnalistin vəkili Elçin Sadıqlı məlumat verib.
Vəkil bildirib ki, bu gün Baş prokurorun köməkçisi Azər Əsgərov onu və Aqil Xəlili qəbul edib. Əsgərov Aqil Xəlilə işgəncə verilməsi ilə bağlı nəzarət qaydasında icraata başlandığı barədə məlumat verib və jurnalistin bu barədə ifadəsi alınıb.
Sadıqlı bildirib ki, icraatın başlanmasında məqsəd jurnalistə işgəncə verilib-verilmədiyini araşdırmaqdır.
Vəkil istintaqın qeyri-obyektiv aparıldığını əsas gətirərək, istintaq qrupuna etiraz etdiklərini bildirib.
Respublika Prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, Aqil Xəlil martın 13-də qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslər tərəfindən bıçaqlanıb.
Xəlilin vəkili istintaqı aparan müstəntiqi, qanun pozuntularına yol verdiyi üçün, məhkəməyə verib.
Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz