...

Müğənni İzzət Bağırov Teymur Əmrahı hədələyir

Cəmiyyət Materials 2 May 2008 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /müx. TrendLife Günel Əhmədova

ATV telekanalında uzun həftələrdən bəri davam edən "N1" realiti-şousunun qalibi bu gün bəlli olacaq. Xatırladaq ki, layihənin 4 ayı əhatə edəcəyi söylənilsə də, gözlənilməz olaylar layihənin ömrünü qısaltdı. Artıq realiti-şouda iki nəfər müğənni - Teymur Əmrah və İzzət Bağırov qalıblar. Bu axşam kimin qızıl mikrafona və şounun qalibi adına layiq görüləcəyi SMS-lər vasitəsi ilə bəlli olacaq.

Layihənin iştirakçısı olan İzzət Bağırovun TrendLife-a bildirdiyinə görə, o, bir neçə saatdan sonra baş tutacaq rəqabətdən narahatlıq keçirir. Məğlub olacağını söyləyən müğənni fikrini pessimis notlar üzərində köklədi:

"Özümü məğlubiyyətə hazırlayıram. Çünki Teymur Əmrahın qalib gələcəyinə əminəm. Qeyd edim ki, həmkarım bu günə qədər bir neçə nəfərlə duelə çıxıb və müxtəlif üsullarla səhnədən qalib kimi enib. Hətta 270 min səslə Natəvan Həbibini məğlub edən Xatirə İslam da ona uduzdu".

Buna baxmayaraq mübarizəyə hazırlaşan İzzət Bağırovun da üsullar seçdiyini öyrəndik. Özünü zəif insan kimi göstərmək istəməyən müğənni:

"İmkan verməyəcəm ki, Teymur Əmrah tamaşaçı qarşısında məzlum siması almaqla onlardan özünə səs qazandırsın. Hər dəfə danışmaq istəyəndə deyəcəm ki, adam kişi olar" deyə, bildirdi.

Xəbər lenti

Xəbər lenti