...

Mənim konsertlərimdə tamaşaçılar ağaca çıxırdı – gitaraçı Rəmiş

Cəmiyyət Materials 5 May 2008 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 5may /müx. TrendLife Günel Əhmədova

Xatirələrini TrendLife-la bölüşən gitaraçı Rəmiş konsert proqramlarından söz açdı. Musiqiçi 70-80-ci illərdə yaratdığı tamaşaçı izdihamını heç vaxt unuda bilməyəcəyini söylədi:

"O vaxtlar üçün Filarmoniyada konsert vermək hünər və istedad tələb edirdi. Hər dəfə konsert məkanının ətrafından keçəndə, o günlərim yadıma düşür. Bir qədər ayaq saxlayıb xatirələrə dalıram. Konsertə o qədər tamaşıçı axını olurdu ki, zalda yer tapmayanlar küçədə qalırdı. İsti aylarında konserti yay zalında verirdik. Bayırda qalan tamaşaçıların əksəriyyəti Filarmoniyanın girişində əkilən ağaclara çıxıb konserti seyr edirdilər. Bu gün həmin ağacların bir neçəsi kəsilib. Konsertə bilet tapılmırdı. Səhər satışa çıxarılan bilet bir neçə satdan sonra qurtarırdı. Tamaşaçılar arasında aqressiv olanları da var idi. Belələri hətta konsert məkanının şüşələrini sındırmaqla etiraz edirdilər. Bunu nəzərə alan rəhbərlik mənə yaxınlaşıb daha bir konsertin səhəri gün elan olunmasını xahiş edib. Günlərlə konsert verirdim, amma yorulmurdum".

Həmin günlərin xiffətini çəkən Rəmiş bu gün konsert vermək barədə əsla düşünmədiyini söylədi. Musiqiçinin fikrincə, artıq dəyərlər dəyişib və bu gün Rəmişin ifası ilə maraqlananlar azdır:

"Gənclər estradaya, müasirliyə meyillidirlər. Meyarlar dəyişib və əvvəlki izdihamı görməyəcəyimi bilirəm. Konsertə vaxt öldürmək, söhbət etmək üçün gələn insanları görəndə ruhdan düşürəm. Ona görə də, musiqilərimdən zövq alan bir-iki tamaşaçı üçün çalmağı düşünürəm".

Vaxtilə bir sıra qadağalarla üzləşən Rəmişin ərköyünlüyü çox hallarda onun imdadına çatıb. Barəsində müxtəlif fikirlər söyləyən insanlara əhəmiyyət verməyən Rəmiş həmişə eyni fikirdə olub: "Bir dəfə söylədilər ki, konsertimizə tanınmış dövlət nümayəndələri gələcəklər. O vaxt mən saç saxlayırdım. Mənə dedilər ki, saçlarımı qaydaya salıb, yəni uzunluğunu götürüb və kalustuk taxmalıyam. Bu mənə toxundu. Dedim ki, başa düşmürəm, dövlət xadimləri mənə baxmağa gəlirlər, yoxsa, ifamı dinləməyə. Acığa düşüb səhnəyə çıxmaqdan imtina etdim. Eyni proqramda xalq artisti Zeynəb Xanlarova da oxumalı idi. Baş verən hadisədən xəbərdar olub, o da, mənim fikrimlə razılaşdı. Bunu görən təşkilatçılar şərtlərini geri götürdülər".

Xəbər lenti

Xəbər lenti