...

"Xəzər-Lənkəran"ın həlledici oyunlarda tam gücü ilə oynamayacağını düşünənlər yanılır – baş məşqçi

Cəmiyyət Materials 6 May 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Xəzər-Lənkəran" klubu "Neftçi" və "Olimpik"lə həlledici oyunlarda asanlıqla təslim olmayacaq. "Futbol elə bir oyundur ki, burda hər kəs həm uda, həm də uduza bilər. "Xəzər-Lənkəran"ın "Neftçi" və "Olimpik"lə oyunlarda tam gücüylə oynamayacağını düşünənlər yanılır. Bizim üçün rəqibin kim olmasının fərqi yoxdur", çərşənbə axşamı Trend a "Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mircavadov "Xəzər-Lənkəran" klubunun baş məşqçisi kimi iki ilə yaxındır fəaliyyət göstərir. O, bu komandayla Azərbaycan Premyer-Liqasının qızıl medallarını və ölkə kubokunu qazanıb. Mircavadovun Lənkəran komandasıyla sonuncu uğuru bu ilin qışında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku"na sahib çıxmasıdır.

"Xəzər-Lənkəran" hazırda Premyer-Liqada 47 xalla 4-cü pillədə qərarlaşıb. Komandanın 24-cü turda "Neftçi" ilə, 25-ci turda isə "Olimpik"lə çempionluq baxımından həlledici oyunları var.

Baş məşqçinin bildirdiyinə görə, "Xəzər-Lənkəran" çempionatda ikinci yer uğrunda mübarizəni davam etdirməklə yanaşı, ölkə kubokunun finalında da qələbə qazanmaq gücündədir. "Ötən il kubokun finalında "MKT-Araz"ı udmaqla kuboka sahib çıxmışdıq. Məncə, bu dəfə rəqibimiz olan "İnter" "MKT-Araz"dan daha güclü, daha yaxşı təşkil olunmuş komandadır. "İnter" çempionatda yeganə komandadır ki, heyətindəki futbolçuların sayına görə bütün klubları geridə qoyur" - deyə Mircavadov əlavə edib.

Mircavadov bir neçə gün əvvəl Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə ölkə prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

Lənkəran komandasının baş məşqçisi bildirib ki, Azərbaycan Premyer-liqasının oyunlarını idarə etmək üçün Almaniyadan hakimlər dəvət etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, Azərbaycanda yaxşı hakimlər çoxdur və onlar oyunları vicdanla idarə etsələr, heç bir problem yaranmaz.

Mircavadov "Xəzər-Lənkəran"dan əvvəl "Şəmkir", "Neftçi" kimi Azərbaycan klublarını da çempion edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti