Azərbaycan, Bakı, 14 may / Trend , müxbir E.Babayev/ Dörd yerə bölünən Dünya Azərbaycanlıları Konqresi (DAK) yaxın vaxtlarda birləşəcək. "Özünü sədr elan edən Sabir Rüstəmxanlı, Qulamrza Təbrizi, Cavad Derəxti və Əhməd Obalı dünəndən sədr deyillər və onlarla bununla bağlı söhbətimiz olub" DAK üzvü İlhamə Quliyeva bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, yeni qurultay keçiriləcək və orada yeni sədr və İdarə Heyəti seçiləcək.
Rüstəmxanlı isə çərşənbə günü Trend -a bildirib ki, o, indi də DAK-ın legitim sədridir və onun sədr olmaması barədə Quliyevanın dedikləri həqiqəti əks etdirmir. "DAK adından qərarları İdarə Heyəti verir və kiminsə ortaya düşməsi doğru deyil"- deyən Rüstəmxanlı əlavə edib ki, o, DAK-ın birləşməsinin tərəfdarıdır. Buna görə də DAK-ın 22 mayda Kölndə keçirilməsi planlaşdırılan qurultayı təxirə salınıb. Qurultayın iyunun 6-7-8 tarixlərində Kölndə keçirilməsi qərara alınıb. "Mən tərəfləri bu qurultayda iştiraka çağırıram. Bizim qurultayı təxirə salmağımızın da səbəbi odur ki, tərəflər bu qurultaya qatılsın" - deyə o qeyd edib.
DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]