...

Yüksək sürətdə maşın sürmüşəm-xalq artisti Flora Kərimova

Cəmiyyət Materials 16 May 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /müx. TrendLife Safura/

İllər öncə minik avtomobilini icad edənlər ondan nə zamansa qadınların da istifadə edəcəyini heç düşünməmişdilər. İlk avtomobil güclü cinsin nümayəndələri üçün nəzərdə tutulmuşdu. Daha sonralar isə müxtəlif avtomobil şirkətləri yaranmağa və təzə-təzə avtomobil markaları icad olunmağa başladı. Sovetlər dövründə 15 respublikanın vətəndaşları əsasən "Sovet" maşınlarından istifadə edirdilərsə, bu gün Bakı küçələri dünyanın ən tanınmış şirkətlərinin istehsal etdiyi avtomobillər ilə doludur. Şəhər küçələrində avtomobillərin sayının artması tıxacların yaranmasına səbəb olsa da, bu problem bakılıları qorxutmur. Xüsusi ilə banklardan kredit ilə avtomobil əldə etmək mümkün olandan sonra, hamı bir birinin bəhsinə maşın alır. Bu gediş ilə şəhərdə növbənöv, çeşidbəceşid, rəngbərəng, avtomobillər insanlardan çox olacaq. Yerigəlmişkən onu da deyim ki, şou-biznesdə həm kişilərin həm də xanım müğənnilərin avtomobili var. Söyləyək ki o zamanlar çox kişi sənətçilərinin avtomobili hələ olmayanda, xalq artisti Flora Kərimovanın şəxsi avtomobili var idi. Və Flora xanım ilk sükan arxasına əyləşən Azərbaycan qadınıdır. Xalq artisti Flora xanım Azərbaycanda ilk sürücü qadın olması ilə fəxr edir:

Flora Kərimova:- "Mən hər şeydə və hər yerdə birinci olmuşam. İlk dekolte, ilk qısa ətəyi, dodaq boyası ilə ilk ekrana çıxan xanım müğənniyəm. İlk dəfə qadınlar arasında ağ rəngli "2107" markalı avtomobil məndə olub. Avtomobilimi mənə anam hədiyyə etmişdi. Mən çox riskli bir insanam. Avtomobili də riskli idarə edirdim. Onda heç nədən qorxmurdum. Amma indi qorxuram. Bir az da çox yaşamaq istəyirəm, bir qədər də oxumaq istəyirəm. Ara sıra beynimə düşəndə sukan arxasına keçirəm. Bu gün şəhərdə maşınların da sayı artıb. Kim gəldi, sürə bilən də bilməyən də bir sürücülük vəsiqəsi alaraq, keçir sükan arxasına. Gənclərimizə tövsiyyə edərdim ki, bir birinin bəhsinə həyatları ilə oynamasınlar". deyən Flora xanım ondan sonra çox qadın sürücülərin meydana çıxdığını söyləyərək, Əminə Yusifqızının da gözəl avtomobil idarə etdiyini əlavə etdi.

Xalq artisti Məleykə Əsədova isə xarici avtomobillərə üstünlük verdiyini deyərək, bu günə qədər sahib olduğu maşınların sayını belə itirdiyini açıqladı.

Məleykə Əsədova:- "Mən uşaqlıqdan avtomobil həvəskarı olmuşam. Elə bu səbəbdən də yaşım çatan kimi sürücülük vəsiqəsi almışam. İlk avtomobilimi də özüm almışam. Ümumiyyətlə xarici və təzə maşınlara üstünlük verirəm. Ona görə ki, adamı yolda qoymurlar. Qadın üçün yarı yolda qalmaq yaxşı deyil. Xarab olsa gərək kimi isə köməyə çağırım. Elə bu səbəbdən yaxşısı təzə maşındır. Xarici avtomobillərin kamfortu var. Kondisioneri, avtomat karobkası, gözəl geniş salonu. Bütün gözəlliklər düşünürəm ki, qadınlar üçündür. İstərdim ki, bizim nəinki iş xanımlarımızın, ev xanımlarımızın da avtomobili olsun" deyən Məleykə xanımdan tıxacların artacağından qorxur. Lakin bircə ona sevinir ki, yeni körpülər tikilir və istifadəyə verilir. Avtomobillərinin sayını itirən Məleykə xanım onları nədən tez tez dəyişdiyini də açıqladı:"İlk avtomobilimin- mersidesin çox qəribə qəhvəyi- gümüşü rəngi var idi. Daha sonra BMV- 530, BMV cip, Mersedes cip, Mersedes markalı avtomobillərim olub. Arada yenə bir ikisi var idi, amma qısa müddətli olub. Hamısını nəqd yol ilə almışam. Kreditdən xoşum gəlmir. Amma bir dəfə iki maşın birdən almaq eşqinə düşdüm. Bax onda kreditə göturdum. Sonra da peşiman oldum"-deyən Məleykə xanım bütün qadınların avtomobil sevdiyini söylədi.

İndi elə bir sənətçi tapmazsan ki, avtomobili olmasın. Hətta şou aləminə təzəcə ayaq qoyanlar da bahalı avtomobilləri ilə qürürlanırlar. Dərinə gedəndə görürsən ki, sürücülük vəsiqələri olsa da yol hərəkət qaydalarından xəbərsizdirlər. Bax problemlər də elə onda başlanır. Mənə elə gəlir ki, yaxşı,savadlı sürücü həm qadınlar, həm də kişilər arasında az deyil.

Xəbər lenti

Xəbər lenti