...

İlk dəfə "Saz məktəbi" adlı dərslik işıq üzü görüb

Cəmiyyət Materials 12 İyun 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /TrendLife müx. Günel Əhmədova

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu günlərdə "Saz məktəbi" adlı kitab işıq üzü görüb. Toplunun müəllifləri Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, məktəbin "Musiqi tarixi və nəzəriyyəsi" kafedrasının müdiri Akif Quliyev və eyni zamanda məktəbin müəllimi Mübariz Əliyevdir. Akif Quliyevin TrendLife-a bildirdiyinə görə, 230 səhifəni əhatə edən kitab musiqi və incəsənət məktəblərində saz alətinin əsasında tədrisi üçün nəzərdə tutulub. Sənətşünaslıq namizədi Vaqif Əbdülqasımov, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev və professor Məhərrəm Qasımlının rəy verdiyi kitaba sənətşünaslıq doktoru Tariyel Məmmədov elmi redaktorluq edib. Eyni zamanda "Saz məktəbi"nin ön söz müəllifi olan T.Məmmədov yazısında bildirib ki, "Azərbaycan musiqi pedaqoji təcrübəsində ilk dəfə olaraq, şifahi-ənənəli musiqimizin ən qədim simli, mizrablı alətlərindən birinə - saz alətinə həsr olunmuş dərslik yaradılmışdır".

Qeyd edək ki, topluda saz alətinin əsrlərin dərinliyindən gələn ifaçılıq üsulları və terminalogiyası ardıcıl olaraq, ən əsası müasir anlamda sistemləşdirilib və onların təsnifatı verilib. Tariyel Məmmədovun fikrincə, dərslikdə not nümunələrinin öz əksini tapması da mühüm əhəmiyyətə malikdir. Öyrəndik ki, kitaba həm ənənəvi aşıq havaları, həm də bəstəkar əsərləri daxil edilib. Eyni zamanda müəlliflər kitabla tanış olan musiqiçilərə sazda simlərin adları, çanaq üzərində simlərin düzülüşü, sazın kökləri, mizrabın vurulma qaydaları, aləti səsləndirərkən bədənin və əllərin vəziyyəti və bu kimi tövsiyələrini veriblər.

Xəbər lenti

Xəbər lenti