...

Beynəlxalq təşkilatlar siyasi məhbus məsələsində Azərbaycana təzyiq etməyə çalışırlar – Prezident Aparatının rəsmisi (video)

Cəmiyyət Materials 18 İyun 2008 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı hesab edir ki, beynəlxalq təşkilatlar siyasi məhbus məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. "Bəzi beynəlxalq təşkilatlar siyasi məhbus məsələsindən alver predmeti kimi istifadə etməyə cəhd edirlər. Mən mətbuatı bu məsələni gündəmdən çıxarmağa, beynəlxalq təşkilatları isə bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməməyə çağırıram", - deyə çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

Trend -un arayışı: Beynəlxalq təşkilatlar hesab edirlər ki, Azərbaycanda siyasi məhbuslar var. Avropa Şurası Parlament Assambleyasının iyunun sonunda Strasburqda keçiriləcək yay sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi mərizəçi təyin olunması məsələsi müzakirə ediləcək. Azərbaycanın hüquq müdafiə təşkilatlarının monitorinq komitəsi 30 nəfərə yaxın şəxsin adı olan siyası məhbus siyahısı hazırlayıblar. AŞPA bu siyahını qəbul edib. "AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin siyasi məhbuslar siyahısında bir neçə nəfərin adı var. Onlardan iki nəfər İranın xüsusi xidmət orqanlarına işləyən şəxslərdir və buna görə məhkum olunublar. Həmin şəxslərin AŞPA həmməruzəçiləri tərəfindən siyasi məhbuslar siyahısına daxil edilməsi təəccüb doğurur", - deyə Prezident Aparatının rəsmisi əlavə edib.

Onun fikrincə, siyasi məhbus məsələsi və bununla bağlı xüsusi məruzəçinin təyin olunması gündəlikdən çıxarılmalıdır.

"Siyasi məhbus termininin real mənası yoxdur. Əgər hər hansı şəxsin istintaq və məhkəmə prosesində hüquqları pozulubsa, onlar Azərbaycanda bütün məhkəmə instansiyalarını keçəndən sonra, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərlər", - deyə Ələsgərov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti