...

Azərbaycanın Mətbuat Şurasına sədrliyin müddəti uzadıldı

Cəmiyyət Materials 20 İyun 2008 13:11 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurasına sədrliyin müddəti uzadıldı

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycan jurnalistlərinin bu gün keçirilən V qurultayında Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, Mətbuat Şurasının sədri bundan sonra iki il müddətinə deyil, dörd il müddətinə seçiləcək. Nizamnaməyə edilən digər dəyişikliyə görə, Şuranın sədri dalbadal iki müddətdən artıq seçilmək səlahiyyəti qazanıb.

Nizamnaməyə dəyişikliklər qurultayda mübahisə yaradıb. "Yeni nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, bu dəyişikliklər edilməməlidir. Əgər bu baş verərsə, Azərbaycan Avropa Mətbuat Şuraları Alyansından çıxarılacaq. O, Alyansın Mətbuat Şurasına göndərdiyi məktubu oxuyub. Məktubda Nizamnaməyə təklif edilən dəyişikliklərdən narahatlıq bildirilib.

Əliyev həmçinin qeyd edib ki, Nizamnaməyə dəyişikliklər edilərsə, Mətbuat Şurasına sədr seçkisi təxirə salınmalıdır, çünki mövcud qanunvericiliyə görə, Nizamnaməyə dəyişikliklər Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra hüquqi quvvəyə minir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli də dəyişikliklərin əleyhinə çıxış edib. O bildirib ki, Azərbaycan jurnalistikası bu dəyişiklikdən heç nə qazanmayacaq, "əksinə, jurnalistika bataqlığa düşəcək".

Mətbuat Şurasının digər üzvü Qulu Məhərrəmli də əlavə və dəyişiklikləri tənqid edib. O vurğulayıb ki, Mətbuat Şurasının Nizamnaməsinin bir nəfərin istəyinə uyğunlaşdırılması yaxşı nəticə verməyəcək. "Nizamnamə o məqsədlə dəyişdirilir ki, indiki sədr vəzifəsində qalsın", -deyə Məhərrəmli bildirib.

Digər çıxış edənlər isə, əlavə və dəyişiklikləri müsbət qiymətləndiriblər. Müzakirələr başa çatdıqdan sonra əlavə və dəyişikliklər səsə qoyularaq qəbul olunub. Qurultayda iştirak edən 214 nümayəndədən yalnız 9-u dəyişikliklərin əleyhinə çıxıb, 3 nəfər isə bitərəf qalıb.

Trend -un arayışı: Azərbaycanın Mətbuat Şurası 2003-cü il martın 15-də jurnalistlərin I qurultayında yaradılıb. Şura yaradılandan quruma Əflatun Amaşov sədrlik edir.

Xəbər lenti

Xəbər lenti