Azərbaycan, Bakı, 23 iyun /müx.TrendLife Şahin Cavadsoy/
Şair Vahid Əziz "Azərnəşr"də çap olunmuş "Alça çiçəyinə bənzəyən ömür" adlı şerlər toplusunu oxucularına təqdim edib. Növbəti uğuru barəsində TrendLife-a şairin özü məlumat verib: "2006-cı ilin sentyabrından, 2008-ci ilin mayına qədər yazdığım 530-dan çox şerim, "Alça çiçəyinə bənzəyən ömür" adlı kitabımda toplanıb. Açıq şəkildə etiraf edirəm ki, kitabın ərsəyə gəlməsində heç bir sponsorun köməyindən istifadə etməmişəm. Maliyyə vəsaitini bütünlüklə özüm ödəmişəm. O, ki qaldı nə səbəbdən kitabın adını alça ağacının çiçəyi ilə eyniləşdirməyimə, bunun da bir mənası var. Həm sevgi ilə yaşanan ömür, həm nakam məhəbbətin özəyi alça çiçəklərinə çox bənzəyir".
Kibatın satışda olduğunu söyləyən V.Əziz, yaxın aylarda daha bir kitabının işıq üzü görəcəyindən də bizləri xəbərdar etdi: "Sonuncu kitabım seçilmiş əsərlərimin üçüncü cildidir. İnşaallah yayın sonlarına yaxın yazdığım şerlərin dördüncü cildi də çapa veriləcək. Sözsüz ki, bu cild tamamlanandan sonra, iri həcmli sevgi romanını kitab şəklində oxucularımın ixtiyarına buraxacağam".