...

Dünya Azərbaycanlıları Konqresi adına qanunla heç kəs iddia edə bilməz – həmsədr

Cəmiyyət Materials 27 İyun 2008 17:50 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi adına qanunla heç kəs iddia edə bilməz – həmsədr

Azərbaycan, Bakı, 27 iyun/ Trend , müxbir C.Babayeva/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) yeni seçilmiş həmsədri Paşa Qəlbinur cümə günü Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib ki, DAK adına qanunla heç kəs iddia edə bilməz. "DAK 1997-ci ildə Los -Ancelesdə təsis olunub və qurumun təsisçiləri Brüsseldə keçirilən qurultayda İdarə Heyətinin üzvləri seçilib. 11 ildən sonra kimərinsə yığılıb özünü DAK elan etməsi adi məntiqlə yanaşı, beynəlxalq hüquqlara da ziddir", deyə həmsədr bildirib.

Trend -un arayışı: DAK daxilində yaranmış narazılıqlar nəticəsində, İdarə Heyəti (İH) iki yerə bölünüb. İH-nin 16 nəfər üzvündən 11-i Sabir Rüstəmxanlını DAK-ın sədri seçib. İH-nin qalan üzvləri və tərəfdarları Qulamrza Səbri Təbrizinin sədrliyini dəstəkləyirlər.

İyunun 6 - 8 - də Almaniyanın Köln şəhərində keçirilmiş Sabir Rüstəmxanlının sədrlik etdiyi DAK-ın qurultayında 25 ölkədən 300 - dək nümayəndə və qonaq iştirak edib. Qurultayda DAK-ın Nizamnaməsi və Məramnamsəinə dəyişikliklər qəbul olunub. DAK-da həmsədrlik institutu yaradılıb, Sabir Rüstəmxanlı və Firidin Pərvizniya DAK-ın həmsədrləri seçilib. Qulamrza Səbri Təbrizi Köln qurultayını qeyri-legitim hesab edib. İyunun 11- də Köln qurultayının yekunlarına həsr olunmuş mətbuat konfransında Rüstəmxanlı bəyan edib ki, bundan sonra Dünya Azərbaycanlıları Konqresi adına iddialılar məhkəmə qarşısında cavab verəcəklər.

Təbrizinin sədrlik etdiyi DAK-ın iyunun 21-23-də Brüsseldə Avropa Parlamentində keçirdiyi qurultayında təşkilatın Nizamnaməsinə dəyişklik edilib. Dəyişikliyə əsasən, Quzey Azərbaycandan Paşa Qəlbinur, Güney Azərbaycandan isə DDAK sədri Məmmədrza Xəşti DAK-ın həmsədri seçilib. Təbrizi DAK-ın fəxri sədri seçilib.

Qəlbinurun sözlərinə görə, DAK-ın bütün sənədləri və möhürü yeni seçilmiş həmsədrlərə təhvil verilib. "DAK adı ilə bağlı eyni adlı qurum məhkəməyə müraciət edərsə, biz müdafiə olunmağa hazırıq. Bunun üçün sübut və sənədlərimiz var", - deyə həmsədr bildirib.

O, DAK-da həmsədrlik institutunu yaratmaqla eyniadlı qurumun addımlarını təkrarlamadıqlarını bildirib. "Həmsədrlik institutu ilk dəfə özünü DAK adlandıran qurumun Köln qurultayında icad olunsaydı, bu institutu yaratmaqla təkrara yol verərdik. Amma həmsədrlik institutu əvvəllər də mövcud olub. Həmsədri olduğum DAK-da bu institut məqbul hesab olunduğuna görə yaradılıb", - Bakıdan olan həmsədr bildirib.

Qəlbinurun qeyd etdiyi kimi, Brüssel qurultayında 18 ölkədən 112 nümayəndə iştirak edib və ilk dəfə olaraq, DAK qurultayı qarşılıqlı anlaşma şəraitində keçib.

Trend -un arayışı: DAK 1997- ci ildə ABŞ - da yaradılıb. Təşkilat, əsasən, Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti