...

Azərbaycanda yeni televiziyanın yaradılması üçün iş aparılır

Cəmiyyət Materials 8 İyul 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul/ Trend , müxbir E.Babayev/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) televiziyasının açılması nəzərdə tutulur. "Bu istitqamətdə müəyyən işlər aparılır və televiziyanın hansı formada olması barədə axtarışlar gedir", deyə çərşənbə axşamı Trend -a DAK həmsədri Sabir Rüstəmxanlı deyib.

Trend -un arayışı: DAK 1997- ci ildə ABŞ - da yaradılıb. Təşkilat, əsasən, Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır. DAK daxilində yaranmış narazılıqlar nəticəsində, İdarə Heyəti (İH) iki yerə bölünüb. İH-nin 16 nəfər üzvündən 11-i Sabir Rüstəmxanlını DAK-ın sədri seçib. İH-nin qalan üzvləri və tərəfdarları Qulamrza Səbri Təbrizinin sədrliyini dəstəkləyirlər.

İyunun 6 - 8 - də Almaniyanın Köln şəhərində keçirilmiş Sabir Rüstəmxanlının sədrlik etdiyi DAK-ın qurultayında 25 ölkədən 300 - dək nümayəndə və qonaq iştirak edib. Qurultayda DAK-ın Nizamnaməsi və Məramnamsəinə dəyişikliklər qəbul olunub. DAK-da həmsədrlik institutu yaradılıb, Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın həmsədrləri seçilib. Qulamrza Səbri Təbrizi Köln qurultayını qeyri-legitim hesab edib. İyunun 11- də Köln qurultayının yekunlarına həsr olunmuş mətbuat konfransında Rüstəmxanlı bəyan edib ki, bundan sonra Dünya Azərbaycanlıları Konqresi adına iddialılar məhkəmə qarşısında cavab verəcəklər.

Təbrizinin sədrlik etdiyi DAK-ın iyunun 21-23 - də Brüsseldə Avropa Parlamentində keçirdiyi qurultayında təşkilatın Nizamnaməsinə dəyişklik edilib. Dəyişikliyə əsasən, Quzey Azərbaycandan Paşa Qəlbinur, Güney Azərbaycandan isə, DDAK sədri Məmmədrza Xəşti DAK-ın həmsədri, Təbrizi isə DAK-ın fəxri sədri seçilib.

Rüstəmxanlı onu da bildirib ki, müəyyən təşkilati işlər başa çatdıqdan sonra, DAK-ın televiziyasınının yaradılması istiqamətində işlər intensivləşəcək. "İyulun 1 - də DAK-ın Avropa üzrə Daimi Nümayəndəliyi yaradılıb. Yaxın vaxtlarda bizim beynəlxalq təşkilatlarala görüşlərimiz başlanacaq" - deyən Rüstəmxanlı qeyd edib ki, DAK-ın televiziyasının fəaliyyətə başlaması üçün də mümkün variantlar araşdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti