...

Devrim Erden keçmişi ilə barışa bilmir

Cəmiyyət Materials 29 İyul 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /TrendLife müxbir Z.Rüstəmova

"Yürüyorum zafere" adlı klipim Azərbaycan tele-kanallarında davamlı yayımlanır. Ola bilsin növbəti kliplərimdən birini azərbaycanlı klipmeykerlərdən birinə həvalə etdim". Bu sözləri TrendLife-a türkiyəli sənətçi Devrim Erden onunla apardığımız internet söhbətində bildirib. Xatırladaq ki, bir müddət əvvəl paytaxtın qonağı olan və burada bir günlük konsert proqramı ilə çıxış edən türkiyəli sənətçi yerli tele-kanallarda qonaq olmuşdu. Əməkdar artist Nisə Qasımova ilə yaxın münasibətin yarandığını deyən Devrim Erden dostluğunu digər sənətçilərlə genişləndirməyi düşünür. Azərbaycanlıları istiqanlı millət adlandıran müğənni bundan yenidən faydalanmaq arzusundadır.

10 illik fəaliyyəti dövründə 3 alboma imzasını atan müğənni dedi ki, adını peşəkar sənətçilər sırasına yazmaq istəyir. Musiqi savadını artıran müğənninin ailədə yeganə musiqiçi olduğunu öyrəndik. Lakin o, keçmişini az-az xatırlayır. Bir oğlan və iki qız bacısı olan Devrim Erdenin hələ ki, subaylığa son qoymaq niyyəti yoxdur. Həyatın bir çox üzünü görən müğənni ailə həyatı qurmağın ona asan gəlmədiyini söylədi. O, yüz ölçüb, bir biçib prinsipini qarşısına məqsəd qoyub. Özünə söz verib ki, ailə quracağı adamdan böyük səbəblər baş vermədiyi halda boşanmayacaq:

"İndiki cavanlar, xüsusi ilə sənət adamları evliliyə plan kimi baxırlar. Bir uşaq olandan sonra hər şey bitir. Mən bu cür düşünmürəm. Gələcək həyat yoldaşımın nə düşündüyü, ailəsini necə görmək istədiyi barədə fikirləri mənim üçün önəm daşıyacaq".

Həyatı boyu çox göz yaşları tökən Devrim Erden çətin günlərini xatırladıqca həmin hissləri yenidən yaşayır. Keçmişini bir daha vərəqləyən türkiyəli sənətçi bunları yazıb:

"Atamla anam bir-birini sevərək evləniblər. Anam Anadolu qadını, atam isə çılğın bir insan olub. 4 uşaq dünyaya gələndən sonra atam başqa qadının şirin dilinə uyub, bizi atıb getdi. O, gedəndən sonra çox əziyyətlər çəkdik. Xəstə anam övladlarını böyütmək üçün çalışdı, amma səhhəti onun işləmək qabiliyyətini aşağı salmışdı. Hamı kimi doyunca yeyib, istədiyimiz kimi geyinə bilmirdik. Eyni zamanda ata sevgisini, ata qayğısını duymadan böyüdük. O, bizim varlığımızı bilə-bilə öz həyatını yaşadı. Bunları gördüyüm üçün ailə həyatı qurmaqdan qorxuram".

Devrim Erdenin ailə faciəsi bununla yekunlaşmır. Onun dediyinə görə, dolğun yaşa çatandan sonra qardaşı və bacıları ilə birlikdə atasını axtarıb tapıblar. Ağır xəstə yatan ata övladlarını görəndə peşimanlığını gizlədə bilməyib. Həmin gün Devrim atasının xərçəng xəstəliyinə tutulduğunu öyrənib və o, həyatının növbəti zərbəsini alıb. Atasının onsuz da acı çəkdiyini görən Erden ondan haqq-hesab ala bilməyib və keçmişi ilə barışıb.

Müğənni yazısının davamında bildirib ki, yerli rejissorlardan biri ekranlaşdırmaq istədiyi serialda onun həyatı ilə bağlı bəzi məqamları daxil edib. Devrim Erden ilk dəfə oynadığı filmdə özünün obrazını canlandıracaq.

Üzünlü vaxtlarında "Qurani-Kərimi" oxuyan sənətçi xanım təskinlik üçün çıxış yolunu bunda gördüyünü söylədi.

Xəbər lenti

Xəbər lenti