Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir E.Babayev/ Bakıda İsrail-Azərbaycan münasibətləri müzakirə olunacaq. Trend -un məlumatına görə, müzakirələr Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin rəhbərlik etdiyi nümayəndənin Bakıya səfəri çərçivəsində baş tutacaq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, səfər avqustun 13 - dən 16 - dək davam edəcək.
Nümayəndə heyətində ABŞ və Kanadada yaşayan Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov və Amerika Yəhudi Komitəsinin keçmiş Sovet İttifaqi respublikaları üzrə departamentinin direktoru Samuel Kliger də var. Səfərin məqsədi Azərbaycan və buradakı yəhudi icması ilə tanışlıq, həmçinin, ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə etməkdir. Səfər zamanı Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin siyasi rəhbərliyi ilə görüşəcək. Amerika Yəhudi Komitəsi təmsilçilərinin Xarici İşlər Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də Azərbaycandakı yəhudi icmasının rəhbərliyi ilə görüşləri də nəzərdə tutulub. Harrisin ABŞ və İsrailin Azərbaycandakı səfirliklərində də görüşləri də planlaşdırılıb. Bakıdakı yəhudi sinaqoqunu da ziyarət edəcək Harris səfərinin yekunlarına dair mətbuat konfransı keçirəcək.
1906 - cı ildə yaradılmış Amerika Yəhudi Komitəsi ABŞ - dakı yəhudi cəmiyyətlərini birləşdirən, onların fəaliyyətini əlaqələndirən nüfuzlu bir qurumdur. Devid Harris 1990-cı ildən Komitənin icraçı direktorudur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]