...

Azərbaycan gimnastları Aliyə Qarayeva və Dinara Gimatova Olimpiadadakı çıxışlarından razıdırlar – müsahibə (video)

Cəmiyyət Materials 3 Sentyabr 2008 18:29 (UTC +04:00)
Azərbaycan gimnastları Aliyə Qarayeva  və Dinara Gimatova Olimpiadadakı çıxışlarından razıdırlar – müsahibə (video)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir L.Əbdüləzimova/ Azərbaycan gimnastları Aliyə Qarayeva və Dinara Gimatova ilə Trend -un müsahibəsi

- Sizin beynəlxalq turnirlərdə böyük çıxış təcrübəniz var. Həyatınızdakı ilk Olimpiada xatirinizdə necə qaldı?

Aliyə Qarayeva:

- Bu cür yarışlar dörd ildən bir olur. Bütün dünya baxır; maraqlanır, həyəcanlanır və dəstəkləyir. Çox xoş oldu, orada çıxış etmək xoşuma gəldi.

Dinara Gimatova:

- Olimpiya oyunlarında iştirak etməyimə çox şadam. Bu, asan başa gəlməyib. 2004 -cü ildə zədəli olduğumdan, Olimpiadada iştirak edə bilmədim. Lakin bu il mən bunu bacardım. Təəssüratlarım xoşdur, çox xoşuma gəldi, unudulmaz hisslərdir.

- Hər çıxış öncəsi siz həmişə inamlı yerişlə , sakit şəkildə meydana çıxırsınız. Olimpiada mühitinin təzyiqi altında, minlərlə insanın sənə baxdığını, tribunalarda Azərbaycan bayrağının dalğalandığını və səhv etmək haqının olmadığını bilə-bilə, həyəcan hisslərini necə saxlayırsınız?

Aliyə Qarayeva:

- Xalçaya hər çıxış öncəsi yalnız yaxşı çıxışa köklənmək lazımdır. Pis şey barədə fikirləşmək olmaz.

Dinara Gimatova:

- Özünə əmin olmaq üçün hisslərini cilovlamalısan. Çünki, qorxu, inamsızlıq olarsa, idmançıda heç nə alınmaz.

- Aliyə, halqa ilə əla çıxışdan sonra sən üçüncü oldun, bütün çıxışların yekunu üzrə altıncı yeri tutdun, mükafatçılardan yalnız bir qədər geri qaldın. Öz çıxışını necə qiymətləndirirsən?

Aliyə Qarayeva:

- Düşünürəm ki, yaxşı çıxış etdim. Ümid edirəm ki, yenə də Olimpiadaya vəsiqə qazanacağam və orada nəticələr yaxşı olacaq.

- Dinara, öz çıxışın barədə nə deyə bilərsən?

Dinara Gimatova:

- Mən də öz çıxışımdan razı qaldım. Əlbəttə, onluğa düşməməyimə görə təəssüflənirəm. Lakin ümumilikdə, məşqçilərim də, mən də razıyıq. Biz Olimpiadada bacardığımızı etdik. Nəticələrin yaxşı olması üçün bunu davam etdirəcəyik.

- Olimpia çempionu, rusiyalı Yevgeniya Kanayevanın çıxışı sizdə hansı təəssüratları yaratdı?

- Aliyə Qarayeva:

- Mən onun çıxışını görmədim. Həmin gün mən özüm də çıxış edirdim.

- Dinara Gimatova:

- Mən final oyununu gördümt və çox xoşuma gəldi, Kanayeva mənəvi cəhətdən də davam gətirdi. Bu əsas amildir - mənəvi cəhətdən tab gətirmək, çünki fiziki cəhətdən hamı hazırdır. Kim mənəvi cəhətdən davam gətirsə, kim təlaşa düşməsə, onun heç bir səhvi olmayacaq.

- Necə hesab edirsiniz, hakimlər nə dərəcədə ədalətli idi? Özlərini böyük idmanda yenicə sınayan gimnastlarımıza qarşı hakimlərin hansısa qərəzli mövqeyini hiss etdinizmi?

Aliyə Qarayeva:

- Orada bizim də hakimimiz var idi. Bu, bizim gimnastlarımıza böyük dəstək oldu.

Dinara Gimatova:

- Mənə elə gəlir ki, hakimlər ədalətli idilər. Olimpiada kiçik turnir deyil. Düşünürəm ki, hakimlər yaxşı işlədilər.

- Adətən, asudə vaxtınızı necə keçirirsiniz? Olipiadadakı gərgin günlərdən sonra necə dincəlirsiniz?

Aliyə Qarayeva:

- Dünən biz Akvaparkdaydıq. Çox yaxşı idi. Əla təəssüratlar yarandı bizdə.

Dinara Gimatova:

- Olimpiadadan sonra çox yorğun idik. İndi dincəlirik: biz həm dənizdə çimdik, həm Günəş vannası qəbul etdik, həm də Akvaparka getdik. Yaxşı dincəldik, bundan sonra məşqlər başlayır, dincəlməyə vaxt az qalıb. Belə hallarda biz xoşladığımız şeylərlə məşğul oluruq. Kimi qiraət edir, kimi sauna və ya hovuza gedir, kimi də gəzişir.

- idman karyeranızı başa çatdırdıqdan sonra nə ilə məşğul olacağınız barədə fikirləşmisinizmi? Ümumiyyətlə, gimnast olmasaydınız, hansı yolu seçərdiniz?

Aliyə Qarayeva:

-Mən karyeramı bitirməyə tələsmirəm və buna görə, bu haqda fikirləşməmişəm. Anam məni idmana gətirəndə beş yaşım vardı. O, məqşqçidir (Vasilina Axatovna). Mənim başqa seçimim yox idi.

Dinara Gimatova:

- Mənim həyatımda gimnastika olmasaydı, heç nə olmazdı. Gimnastika bizə hər şey verib. Beş yaşımdan idmanla məşğul oluram. Gimnastika olmasaydı, hər şey başqa cür olardı.

Gələcək planlara gəldikdə isə, düşünürəm ki, hakimlik mənim üçün deyil. Daha çox məşqçilik diqqətimi cəlb edir. Bir sıra planlarım var, lakin konkret heç nə deyə bilmirəm. Zaman göstərəcək.

- Televizorun qarşısında oturub, sizə azarkeşlik edən tamaşaçılara bəlkə nəsə demək istəyirsiniz?

Aliyə Qarayeva:

- Bizi dəstəkləyən bütün azarkeşlərə çox sağolun deyirəm!

Dinara Gimatova:

- Mən bütün seyrçilərə, bütün Azərbaycan əhalisinə çox sağolun demək istəyirəm. Biz sizin dəstəyinizi hiss edirdik, siz bizə çox kömək etdiniz.

Azərbaycan gimnastlarının fotosessiyası ilə http://photo.trend.az/?catid=317 mənbəsindən tanış ola bilərsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti