...

Azərbaycanda həbsdə olan tikinti şirkəti rəhbərinin həbs müddəti artırılıb

Cəmiyyət Materials 10 Sentyabr 2008 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda dələduzluqda ittiham olunan "GEN" MMC-nin rəhbərinin həbs müddəti üç ay uzadılıb.

Bu barədə çərşənbə günü Trend -a Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

BŞBPİ-dən bildiriblər ki, araşdırmalar başa çatmadığı üçün istintaqın müddəti noyabrın 24-nə qədər uzadılıb. Bu səbəbdən də "GEN" MMC-nin rəhbəri Elbrus Əliyevin həbs müddəti də artırılıb.

"GEN" MMC-nin rəhbəri Əliyev iyunun 11-də saxlanılıb və Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Əliyev barəsində Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə (178.3.2) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan bir müddət sonra "GEN" MMC-nin rəhbəri Əliyevin müavini Nəbi Məmmədov və şirkətin mühasibi Həbib Ağayev həbs olunublar. Onlar Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə (178.3.2-ci) maddəsi ilə təqsirləndirilərək, barələrində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İyulun 3-də şirkətin baş mühasibi Əliyar Abbasov saxlanılıb. Abbasov şirkətin prezidenti Əliyevlə birgə dələduzluqda ittiham olunub. Abbasov barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 30-da tikilən evlərin vətəndaşlara satılmasında vasitəçilik edən Mütəllim Babayev Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin gün şirkət direktorunun kadrlarla iş üzrə müavini Mehbarə Cəfərzadəyə də ittiham elan olunub.

İstintaq Cəfərzadəni təqsirləndirilən şəxs kimi tanıyıb və ona Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə ittiham elan olunub.

İstintaqda Cəfərzadədən istintaqdan icazəsiz hec yerə getməməsi haqda iltizam alınıb. Hazırda o, polisin nəzarətindədir.

Əliyevin 550 vənətdaşı aldadaraq onlardan 12 milyon manat pul alaraq mənimsədiyi bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti