...

Azərbaycanın ədliyyə orqanlarında işə qəbulla bağlı imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 27 Sentyabr 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanın ədliyyə orqanlarındakı 300-dək vakant vəzifələrə şənbə  günü keçirilmiş test imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, imtahanda 99 namizəd müvəffəqiyyət qazanaraq, söhbət mərhələsinə buraxılıb. İmtahanda ən yüksək nəticə 81 bal olub.

TQDK ilə Ədliyyə Nazirliyinin birgə keçirdiyi imtahanda dövlət, özəl və xarici təhsil müəssisələrini bitirmiş  230 namizəd iştirak edib.

Ədliyyə Nazirliyi Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, sənəd vermiş 256 namizəddən 20 nəfəri imtahana buraxılış vəsiqəsini almayıb, bir neçə namizəd isə, imtahana gəlməyib.

Namizədlərin əksəriyyətini Bakı Dövlət Universitetinin məzunları, hər dörd nəfərdən birini qadınlar təşkil edir.

Məhərrəmov deyib ki, ədliyyə orqanlarının strukturu yeniləşəndən, yeni idarə və şöbələr yaranandan, regionlarda bölmələr fəaliyyətə başlayandan sonra, qeydiyyat, məhkəmə nəzarətçiləri, penitensiar xidmət sahələrində vakant ştatlar açılıb.

Namizədlərin hüquqi biliklərini, məntiqi təfəkkürünü və ümumi dünyagörüşünü müəyyən etmək üçün 100 sual tərtib olunub və  bu sualları cavablandırmağa 3 saat vaxt ayrılıb.

Hüquq sahəsi ilə bağlı cavablar 1, məntiqi sualların cavabları isə 0,5 balla qiymətləndirilib.

İmtahanda mümkün 90 baldan 55 və daha çox bal toplamış namizəd ikinci -- söhbət mərhələsində iştirak etmək hüququ qazanıb.

BDU - da keçirilən imtahanları 40-dək yerli və beynəlxalq müşahidəçi izləyib.

Ədliyyə orqanlarına ilk müsabiqə 2006-cı ildə keçirilib

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti