...

Azərbaycan vətəndaşlarına veriləcək biometrik pasportların nümunələri hazırlanır

Cəmiyyət Materials 3 Oktyabr 2008 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/ 2011-ci ilədək Azərbaycan vətəndaşlarına veriləcək yeni biometrik pasportlarda şəxsin üzünün və barmaqlarının rəqəmsal təsvirləri kimi biometrik məlumatlar əks olunacaq.

Bu barədə Trend - a müsahibəsində Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov məlumat verib.

2011-2012 - ci ildən sonra Azərbaycan vətəndaşları köhnə pasportlarla Avropa ölkələrinə və Amerikaya gedə bilməyəcəklər.

Transmilli cinayətkarlıq, qanunsuz silah və narkotika alveri və digər bu kimi cinayətlərlə mübarizədə qabaqlayıcı tədbirlərin səmərəli olması üçün, əksər dünya ölkələri bu sistemə keçir.

Azərbaycanda milli biometrik eyniləşdirmə sisteminin yaradılması barədə Dövlət Proqramı qəbul olunub.

Dövlət Proqramı çərçivəsində müvafiq qanunvericilik bazasının formalaşdırılması, informasiya sistemlərinin yaradılması, məlumatların təhlükəsizliyinin təmin olunması və yeni nəsil biometrik pasportların hazırlanması və verilməsi nəzərdə tutulub.

Rəis müavini bildirib ki, yeni nəsil pasportlarında ən azı dörd barmağın məlumatlarının əks olunması barədə təklif verilib.

Nəcəfov qeyd edib ki, yeni nəsil pasportlarının hazırlanması ilə bağlı, aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə biometrik pasportlarda əks olunacaq məlumatlar, format və standartlar müzakirə olunub.

Rəis müavini deyib ki, pasportların hazırlanmasında böyük təcrübəsi olan aparıcı dünya şirkətlərinin hazırladığı adi, diplomatik və xidməti biometrik pasportların nümunələri işçi qrupu tərəfindən baxılaraq, ölkə rəhbərliyinə təqdim olunacaq.

Həmin nümunələrin Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində müasir avadanlıqlar vasitəsilə ekspertizadan keçirildiyini və müvafiq rəy verildiyini deyən Nəcəfov bildirib ki, biometrik pasportların hazırlanması işini sürətləndirməyi tövsiyə edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti