Azərbaycan, Bakı, 07 noyabr/ Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı hesab edir ki, ümumilikdə xarici radiostansiyalar heç bir ölkədə Azərbaycanda olduğu kimi sərbəst yayımlanmır.
"Beynəlxalq təcrübəni nəzərə almaqla, ümumilikdə xarici radiostansiyalar heç bir ölkədə Azərbaycanda olduğu kimi sərbəst yayımlanmır", - Azərbaycan Prezidenti İcra Aparatının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin rəhbəri Elnur Aslanov cümə günü Trend -a bildirib.
Azərbaycanın Milli Teleradio Şurası (MTRŞ) 2008-ci ilin sonunadək Azərbaycan ərazisində "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının birbaşa efirdə yayımlanmasını kəsmək niyyətindədir.
"İlin sonunda Azərbaycanda yayımlanan bütün xarici radiostansiyaların lisenziya müddəti başa çatır. Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər", - Şuranın sədri Nuşirəvan Məhərrəmli əvvəllər Trend -a bildirib.
"Şuranın qərarı ümumi iclasdan sonra açıqlanacaq və yalnız bundan sonra müstəqil rəyi olan və müstəsna şəkildə milli qanunvericilik və beynəlxalq təcrübədən çıxış edən Milli Şura üzvlərinin addımlarını qiymətləndirmək mümkün olacaq", - Aslanov bildirib.
"Müzakirə edilən məsələyə gəldikdə isə, qeyd etmək istəyirəm ki, ölkə rəhbərliyi rəy plüralizmi və müxtəlif mövqelərin ifadəsi üçün bütün şəraiti yaradıb. Lakin bununla yanaşı, gəlin qanunvericiliyi və bütün ölkələrdə qəbul edilmiş beynəlxalq təcrübəni də ciddi şəkidlə unutmayaq", - şöbə rəhbəri bildirib. Qanuniliyin bərqərar edilməsi qanunun aliliyinin təmin edilməsi səylərindən başqa bir formada nəzərdən keçirilməməlidir, - o hesab edir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycanda xarici radiostansiyaların bağlanılması ilə bağlı narahatlığını ifadə edib.
"İnanırıq ki, Azərbaycanda bağlamaq istədikləri radiostansiyalar ölkədə demokratikləşmənin inkişafına xeyli yenilik gətirib", - ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Vud mətbuat qarşısında çıxışı zamanı bildirib.
ABŞ vəziyyətin aydınlaşdırılması üçün Azərbaycanla dialoq axtarır, - Vud bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]