Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda qadın məhkumlara kompyuter bilikləri öyrədiləcək.
Trend -un məlumatına görə, cümə axşamı qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində kompyuter sinfinin açılışı olub.
Baş Məşğulluq İdarəsinin təşəbbüsü, Penitensiar Xidmətin maliyyə yardımı ilə yaradılan kompyuter sinfində ilkin olaraq 16 qadın məhkum təhsil alacaq. Məhkumlara kompyuter biliklərini 18 saylı Bakı Peşə Litseyinin iki müəllimi tədris edəcək. Üç aylıq kursları bitirən məhkumlara sertifikatlar veriləcək.
Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, qadın məhkumlar arasında keçirilən sorğunun nəticələrinə görə, onlar kompyuter, dil öyrənməyə, modelyer, dərzi peşələrinə yiyələnməyə maraq göstərirlər.
Nazir müavini deyib ki, məhkumların asudə vaxtının səmərəli təşkili üçün müvafiq tədbirlər həyata keçirilir. Son illər məhkumların çox az qismi - 15-20 faizi işlə təmin olunub. "Məhkumların peşə hazırlığını təşkil edirik ki, onlar azadlığa çıxandan sonra cəmiyyətə asanlıqla adaptasiya oluna bilsinlər", - deyə Ələkbərov vurğulayıb.
Bundan öncə Salyandakı 5 saylı və Bakıdakı 6 saylı cəzaçəkmə müəssisələrində kompyuter kursları təşkil olunub. 6 saylı müəssisədəki kursu bitirən məhkumlara isə beynəlxalq sertifikat veriləcək.
Ələkbərov digər müəssisələrdə də kompyuter siniflərinin yaradılacağını deyib.
Müəssisədə 260-dan çox qadın cəza çəkir və onlardan 129 nəfəri peşə təhsilinə yiyələnib.
Həmin gün məhkum uşaqların tərbiyə olunduğu müəssisədə Beynəlxalq Uşaq Günü münasibətilə tədbir keçirilib.
Bakı şəhər Baş Təhsil İdarəsi və Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi məhkum uşaqlara bayram hədiyyələri təqdim edib.
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi və Penitensiar Xidmət maddi imkansızlıqdan oğlu ilə uzun müddətdir görüşə gəlməyən Naxçıvandan olan atanı övladı ilə görüşdürüb.
Ehtiyatsızlıqdan ölümə sui-qəsddə ittiham olunaraq 2 il 6 ay azadlıqdan məhrum edilmiş Xəyal Rzayev cəza çəkdiyi 1 il 3 ay müddətində valideynləri ilə görüşə bilməyib.
Nazir müavini bildirib ki, Xəyal Rzayevin Naxçıvandakı cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün müvafiq tədbirlər görüləcək.
Uşaq Tərbiyə Müəssisəsində 44 uşaq saxlanılır. Onların əksəriyyəti oğurluğa görə məhkum olunub.
İlin əvvəli ilə müqayisədə müəssisəyə göndərilən uşaqların sayı 4 nəfər azalıb. Müəssisədə 14-18 yaşında olan məhkum uşaqlar saxlanılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]