...

Azərbaycanın xalq şairi siyasi motivli yeni tragikomediya yazır

Cəmiyyət Materials 5 Dekabr 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın xalq şairi, parlamentin deputatı Vaqif Səmədoğlu tragikomediya janrında yeni pyes üzərində işləyir. "Yeni əsərim "Professor" adlanır,"- bu barədə cümə günü Trend -a Vaqif Səmədoğlu bildirib.

Onun sözlərinə görə, tragikomediyanın baş qəhramını hamıya - qohum - qonşuya, dost- tanışa çox gözəl məsələhətlər verir, onlara yol göstərir: "Bu insanlar da onun məsələhətlərinə qulaq asıb, əməl etməyə çalışırlar. Lakin bir gün məlum olur ki, ümumiyyətlə, belə bir adam yoxdur. Mən bununla ona işarə edirəm ki, hər bir xalq, insan, canlı kimdənsə və haradansa heç nə gözləməməlidir, yalnız özünə güvənməlidir. Təəssüflər olsun ki, bizdə bir çox hallarda bunun əksi baş verir", - deyə xalq şairi əlavə edib.

Səmədoğlu vurğulayıb ki, yeni əsərində siyasi motivələr də var və bir sıra məsələləri qələmə alır. Müəllif yeni əsərinin mahiyyətini indidən tam açmaq istəməyib: " Onda əsərə maraq azalar".

Onun sözlərinə görə, "Professor" 2-3 aya hazır olacaq. Xalq şairi deyib ki, qeydlər şəklində olan əsəri tez bir zamanda tamamlamaq istəyir: "Pyesi tez br zamanda başa çatdırmaq lazımdır. Birincisi, nəsr əsərləri və şeir üzərində illərlə işləmək mümkündür, pyesi isə,çox qısa vaxtda yazmaq olur. İkincisi, pyesin yazılmasını tez başa çatdırmayanda surətlərin məzmunu və dili müəllifdən asılı olmayan səbəblərdən dəyişir. Ona görə də, "Professor"u 15 günə yazmağı nəzərdə tutmuşam".

Səmədoğlu deyib ki, teatrların əksəriyyəti təmirə dayandırıldığına görə, peysin tamaşaya qoyulması gecikə bilər.

Xalq şairi səhnələşdirilən yeni tamaşalara baxmaq üçün teatrlara gələnlərin sayının az olmasından narazıdır: "Bir necəsi istisna olmaqla, səviyyəsiz və məzmunsuz şou verilişləri tamaşaçıları əlimizdən alıb. İnsanlar evində oturub, bu səviyyəsiz şou verilişlərə baxırlar. Azərbaycan tamaşaçısı tarix boyu belə səviyyəsiz tamaşalar izləməyib. İnsanların zövqü korlanıb, bərbad vəziyyətə düşüb".

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti