Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Əsir və girovluqdan qayıdan Azərbaycan vətəndaşları Ermənistana qarşı sanksiyalar tətbiq olunmasını tələb edirlər.
Trend -un məlumatına görə, bu barədə çərşənbə günü "Həsrət Yolu" İctimai Birliyi və Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinin 60 illiyi münasibətilə keçirilən tədbirdə qəbul olunmuş müraciətində deyilir.
Müraciəti imzalayanlar Ermənistanın Ümumi Bəyannamənin müddəalarını kobud şəkildə pozduğunu vurğulayaraq bildirirlər ki, erməni əsir və girovluğunda olmuş, işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani alçaldıcı hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş 1400 nəfər həmvətənlimiz mənəvi-psixoloji gərginlik şəraitində yaşayır.
Əsir və girovluqdan azad edilənlərin 169-u uşaq, 289-u qocadır.
Müraciətdə deyilir ki, onlarla şəxs erməni əsirliyində məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə olub, 150 nəfər əsirlikdən qayıtdıqdan sonra mənəvi və fiziki iztirablara dözməyərək dünyasını dəyişib, 550 nəfər əsir və girovluqda qəddarcasına qətlə yetirilib.
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri Esmira Orucova bildirib ki, əsir və girovluqdan qayıdan azərbaycan vətəndaşlarının problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ATƏT, AŞ, BMT, BQXK-nin Azərbaycandakı nümayəndəliklərinə dəfələrlə müraciət etsə də, ona müsbət cavab verilməyib.
Birlik sədrinin sözlərinə görə, insan hüquqlarının müdafiəsi məqsədilə yaradılan beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlar tətbiq edir, erməni əsirliyindən qayıdan həmvətənlərimizin başına gətirilən haqsızlıqlara göz yumur. "Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi qarşısında hər dəfə bu məsələni qaldıranda, bizdən əslində Azərbaycanda olmayan erməni əsir və girovları barədə soruşurlar", - deyə Orucova bildirib.
1948-ci il 10 dekabrda BMT-nin Baş Assambleyası İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə qəbul edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2008-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 100 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 26 nəfərin sağ olduğu, bəzilərinin Azərbaycandan kənarda yaşadığı, 33 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 41 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilmişdir.
2008-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4264 nəfər təşkil edir. Onlardan 3439 nəfər hərbçi, 817 nəfər mülki şəxsdir (8 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil).
Mülki şəxslərdən 47 nəfər itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 262 nəfər qadın, 359 nəfər yaşlı insan (156 nəfər qadın) olub.
Əsir, itkin düşmüş 4264 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.
Əsir və girovluqdan 1396 nəfər azad edilib. Onlardan 343 nəfər qadın, 1053 nəfər kişidir. Eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər qocadır (112 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 446 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]