Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir N.Abdullaeva / Azərbaycanın informasiya agentliyi Trend və İran informasiya agentliyi çərşənbə axşamı Bakıda tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Trend agentliyinin ofisində sənədə Trend şirkətinin baş direktoru İlqar Hüseynov və Mehr agentliyinin icraçı direktoru Pərviz İsmaili imza atıblar.
"Mehr İranda populyar olduğundan regionda baş verənləri tam palitrasıyla görmək istədiyimizdən razılaşma bizim üçün çox böyük önəm daşıyır", - Trend şirkətinin baş direktoru İlqar Hüseynov deyib.
Onun sözlərinə görə, İranın informasiya bazarında Trend-in özəl informasiyalarını yaymaq imkanları və vaxtlı-vaxtında istifadəçilərə qonşu ölkədən xəbərlər təqdim etmək xəbər lentimizin beynəlxalq çəkisi ilə yanaşı, maliyyə yatırımlarının da əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
İsmailinin sözlərinə görə, infomasiya mübadiləsi iki ölkəyə biri-birini tanımaqda kömək edəcək. "Azərbaycan bölgənin aktiv inkişaf edən ölkəsidir və bu bizə maraqlıdır. Mədəniyyət, din, iqtisadiyyat, turizm, və siyasət sahələrində informasiya mübadiləsini inkişaf etdirmək bizim üçün çox mühümdür. Bununla belə neft-qaz sahəsinə də xüsusi diqqət yetirmək olar", - İsmaili deyib.
Mehr-in icraçı direktorunun sözlərinə görə, Trendin bu istiqamətdə aktiv fəaliyyəti xalqlarımızın biri-birini daha yaxından tanıması istiqamətində ən mühüm addımdır.
Razılaşma azad istifadə üçün nəzərdə tutulan informasiyanın mübadiləsini və eksklüziv informasiyaların sifarişini nəzərdə tutur. Razılaşmaya əsasən, təcrübə qazanmaq məqsədi ilə əməkdaşların mübadiləsi də nəzərdə tuturlur.
TREND agentliyi 1995-ci ildə Azərbaycanda yaradılan özəl beynəlxalq xəbər KİV-idir.
TREND-in onlayn-xəbərləri ingilis, rus, fars və ərəb dilləri də daxil olmaqla beş dildə istehsal olunur və www.trend.az veb-portalında yerləşdirilir. TREND abunəçilərinə həm də yüksək keyfiyyətli video-fotomateriallar, tərkibində həftənin, ayın və ilin vacib siyasi və iqtisadi xəbərləri olmaqla analitik məhsullar və agentliyin ekspertlərinin məqalələrini təqdim edir.
"Azərbaycan KİV-ləri" nominasiyasında 2006-2007-ci illərin yekunlarına görə "İlin ən yaxşı şirkəti" adına layiq görülmüşdür. 2008-ci ildə isə Trend agentliyi "Avrasiya İnternet məkanında" elektron KİV-ləri arasında keçirilən müsabiqənin "İnformasiya məkanında uğurlu media-menecmentə görə" nominasiyasında qalib olub. 2009-cu ilin fevralında isə Trend "İlin eksklüziv informasiya agentliyi" nominasiyası üzrə Brand Award Azerbaijan-2008 milli premiyasına layiq görülüb.
Mehr xəbər agentliyi 2003-cü ilin iyununda Tehranda yaradılıb və fars, ingilis, türk, ərəb, alman və urdu dillərində xəbərlər yayımlayır. Mehr gün ərzhində 700-ə yaxın fars dilində və 300-ə yaxın xarici dillərdə xəbər yayımlayır. Agentliyin İranın bütün regionlarında və dünyanın 30 ölkəsində xüsusi müxbirləri var. Agentliyin jurnalistlərinin ümumi sayı təxminən 500 nəfərdir. İranın məşhur "Tehran Times" dərgisi də Mehr-in məhsuludur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]