...

İzmirdə təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının ildönümünü qeyd edəcəklər

Cəmiyyət Materials 25 Fevral 2009 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend müxbir, C.Babayeva /

İzmirdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Mədəniyyət Evi və Dayanışma Dərnəyi ilə birgə Xocalı soyqırımının 17-ci ildönümünü qeyd edəcəklər, çərşənbə günü Trend -a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 26-da İzmirdəki Atatürk liseyində Xocalı hadisələrini əks etdirən videofaktlar və fotosərgi nümayiş etdiriləcək, çərşənbə günü Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Tədbirdə Ege Universitetinin professorları doktor Mehmet Ersan "Erməni məsələsi dünəndən bu günə", doktor Əli Erol "Qarabağ məsələsinə mədəni yanaşmalar", Doqquz Eylul Universitetinin professoru Anar Xəlilov "AB İnsan Haqları sözləşməsi ucbatından Xocalıda və ondan sonrakı hadisələrdə yaşananlar" mövzularında mühazirələr oxuyacaqlar. Tələbələrin hazırladığı "Xocalı, Haray" tamaşası göstəriləcək, Xocalı faciəsinə həsr edilmiş mahnı və şeirlər səsləndiriləcək.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti