...

Miqrasiyanın idarə edilməsi ilə əlaqədar məsələlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir - Azərbaycan Prezidentinin İcra Aparatının şöbə rəhbəri

Cəmiyyət Materials 5 Mart 2009 17:20 (UTC +04:00)
Miqrasiyanın idarə edilməsi ilə əlaqədar məsələlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir - Azərbaycan Prezidentinin İcra Aparatının şöbə rəhbəri

Azərbaycan, Bakı,  05 mart / Trend , müxbir E.Rüstəmov /

"Miqrasiyanın idarə edilməsi ilə əlaqədar məsələlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir", - Azərbaycan Prezidentinin İcra Aparatının hüquq-mühafizə oqranları ilə iş üzrə şöbənin rəhbəri Fuad Ələsgərov deyib.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü iyulun 1-dən etibarən miqrasiya proseslərinin idarə olunmasında "vahid pəncərə" prinsipinin tətbiq olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, miqrasiya proseslərinin idarə olunmasında "vahid pəncərə" prinsipinin həyata keçirilməsi səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə tapşırılıb.

"Güclü iqtisadi inkişaf Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Buna həm də sabit siyasi-iqtisadi durum, ölkədə ictimai-siyasi nizam və təhlükəsizlik, Azərbaycan cəmiyyətində mövcud olan tolerantlıq da yardım edir", - Ələsgərov qeyd edib.  

Onun sözlərinə görə, Azərbaycan son illərdə miqrant ixracatçısı və tranzit ölkədən son təyinat nöqtəsinə çevrilir. "Öz növbəsində burada işləmək arzusunda olan əcnəbilərin sayının artması miqrasiya prosesləri üzərində nəzarətin gücləndirilməsini və bu sahədə idarəetmə mexanizminin təkmilləşdirilməsini şərtləndirir", - Ələsgərov bildirib.

Şöbə rəhbərinin fikrincə, "vahid pəncərə" prinsipinin tətbiq olunmasında məqsəd, əcnəbilərə qanuni əsaslarla yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, eləcə də miqrasiya proseslərinin idarə edilməsində çalışan dövlət orqanlarının işlərində şəffaflığın təmin edilməsidir. "Bununla yanaşı nəzərə almaq lazımdır ki, miqrasiya qanunvericiliyini pozan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər məsuliyyətə cəlb olunacaq", - o deyib.

Azərbaycan Respublikasının sərəncamının əsas fikri miqrasiya proseslərinin idarə edilməsi üzrə müəyyən səlahiyyətlərin vahid orqanda - Dövlət Miqrasiya Xidmətində (DMX) cəmləşdirilməsindən ibarətdir. Bu orqan qərarların qanuniliyi və yerində qəbul edilməsi, həmçinin buna qanuni əsası olmadan Azərbaycanda yaşamaq və işləmək istəyini bildirmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvafiq icazə və sənədlərin verilməsinə məsuliyyət daşıyacaq", - Ələsgərov bildirib.

"Bundan sonra əcnəbi vətəndaş ölkəmizdəki yaşayış və əmək fəaliyyətini qanuniləşdirmək üçün müxtəlif instansiyaları gəzərək bir-birini təkrarlayan bir sıra sənədləri toplamaq məcburiyyətində qalmayacaq. Onun sənədlərini qəbul edəcək DMX-yə müraciət etmək yetərli olacaq. Orqan DSMF-dən əmək fəaliyyəti üçün müvafiq razılığın əldə olunmasını təşkil edəcək, əcnəbinin ölkədə qalma müddətini uzadacaq, ona yaşamaq üçün müvəqqəti və ya daimi icazə, yəni "yaşayış üçün fərdi icazə" verəcək, onu yaşadığı yerdə qeydiyyatdan keçirəcək və müvafiq sənəd təqdim edəcək", - Ələsgərov deyib.

Sərəncamla miqrasiya proseslərinin idarə olunmasında daha bir yenilik tətbiq olunacaq: "vahid pəncərə" prinsipinin tətbiq olunması günü, yəni iyulun 1-dən etibarən əcnəbilərə verilən giriş və çıxış vizaları ləğv ediləcək. Bundan sonra Azərbaycanda müvəqqəti və ya daimi yaşayış icazəsi almış şəxslər DMX tərəfindən verilmiş vəsiqələrlə, eləcə də pasport və ya onların şəxsiyyətini təsdiq edən digər sənədlər vasitəsilə ölkədən çıxıb geri qayıda biləcəklər.

Qeyri-hökumət təşkilatlarının məlumatına görə, Azərbaycanda 70 ölkədən 100 minə yaxın miqrant yaşayır.

Rəsmi məlumatlara görə, Azərbaycanda 54 mindən çox miqrant DİN-də qeydiyyatdan keçib. Miqrantların əksəri Gürcüstan, Mərkəzi Asiya ölkələri, İran, İraq, Pakistan, Hindistan, Banqladeş, Çin, Nigeriya və başqa yerlərdəndir.

Məqalə müəlllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti