...

Niderlandda Benilüks Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Cəmiyyət Materials 6 Mart 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir A.Hüseynbala /

Niderland Krallığının paytaxtı Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) ikinci qurultayı keçiriləcək.

"Martın 7-də başlayacaq qurultayda idarə heyətinin və konqresin nəzdində fəaliyyət göstərən komissiyaların hesabatı dinləniləcək, idarə heyətinin yeni tərkibi seçiləcək və qarşıda duran vəzifələr müəyyənləşdiriləcək", - cümə günü Trend -a Diaspola İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qurultayda Benilüks ölkələrindəki (Belçika, Niderland, Lüksemburq) Azərbaycan və Türkiyə diaspor təşkilatlarının rəhbərləri, Avropadakı Azərbaycan diasporunun tanınmış təmsilçiləri, diplomatik korpusların, yerli siyasi partiyaların nümayəndələri, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.

Benilüks Azərbaycanlıları Konqresinin gördüyü işlər çoxşaxəlidir. "Məsələn, BAK fəaliyyətini daha da gücləndirmək məqsədilə diaspor təşkilatlarımız arasında ilk olaraq Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Niderland, Azərbaycan-Belçika, Azərbaycan-Lüksemburq parlamentlərarası işçi qrupları ilə birlikdə fəaliyyət göstərmək barədə rəsmi razılığa gəlib. Bu razılaşma nəticəsində Milli Məclisin hər üç qrupda təmsil olunan 17 üzvü ilə Benilüks ölkələri parlamentariləri arasında sıx əlaqələrin qurulması, deputatların BAK-la əlaqələrinin yaranması, dövlətimizin mənafeyini təmin edə biləcək məqamlarda Azərbaycan diasporunun dəstəklənməsi istiqamətində işlər aparılır", - məlumatda qeyd edilir.

2007-ci ilin sentyabr ayından BAK Amsterdam şəhərində Heydər Əliyev Fondunun və Azərbaycanın Niderlanddakı səlahiyyətli səfiri Fuad İsgəndərovun köməkliyi ilə bazar günləri fəaliyyət göstərən Azərbaycan dili məktəbi açıb. "Ötən il isə Rotterdamda ikinci həftəsonu məktəbi açılıb. Bu məktəblərdə azərbaycanlı uşaqlarla yanaşı, İraq türkmənlərinin uşaqları da təhsil alırlar. Bundan başqa Konqresin Rotterdam şöbəsi azərbaycanlı və türk gənclərin pulsuz kikboksinq, eləcə də digər idman növləri ilə məşğul olmaları üçün bu şəhərdə ən müasir qurğularla təchiz olunmuş idman zalı açıb", - məlumatda bildirilir.

Benilüks Azərbaycanıları Konqresi 2006-cı il noyabrın 18-də Amsterdamda yaradılıb. Burada Azərbaycan diaspor təşkilatları və beş təşkilatı özündə birləşdirən İraq Türkmənləri Məclisi toplanıb. Konqresin yaradılmasının əsas məqsədi Benilüks ölkələrində fəaliyyət göstərən cəmiyyət və dərnəklərin biraraya gətirilməsi, onların əlaqələrinin uzlaşdırılması, Azərbaycan və türkdilli icmaların regionda fəaliyyətlərinin əlaqələndirilməsindən ibarət olub.

Qeyri-rəsmi məlumatlara görə, Benilüks ölkələrində 40 minə yaxın azərbaycanlı, 500 minə yaxın isə türk yaşayır. Azərbaycanlılar əsasən ötən əsrin 90-cı illərindən, türklər isə XX əsrin 60-70-ci illərindən sonra bu ölkələrə mühacirət ediblər. Benilüks ölkələri arasında ən çox azərbaycanlı isə Niderlandda yaşayır. Onların diaspor kimi təşkilatlanması isə əsasən 1990-ci illərin sonu, 2000-ci illərin əvvəllərinə təsadüf edir. Benilüks ölkələrinin müxtəlif şəhərlərində 30-a yaxın Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir.

Konqresin nizamnaməsinə əsasən, qurultay iki ildən bir keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti