Azərbaycan, Bакı, 19 mart / Trend , müxbir A.Hüseynbala /
ABŞ-ın Nyu-York şəhərində "Xalqlar və ölkələr arasında əlaqələrin inkişafında diaspor təşkilatlarının rolu Azərbaycan və ABŞ-ın timsalında" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
"Tədbirin təşkilatçıları Azərbaycan Nyu-York Assosiasiyası, ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi və Azərbaycandan Birləşmiş Ştatlara köçmüş müxtəlif xalqların nümayəndələrinin təmsil olunduğu "AZEM" cəmiyyətidir", - cümə axşamı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Konfrans Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə keçirilir. "Tədbirdə ABŞ-dakı diaspor təşkilatları arasında qarşılıqlı mədəni əlaqələr, diasporun intellektual potensialı, soydaşlarımızın ABŞ və Kanadanın yeni siyasi şərtlərinə adaptasiyası, diasporların etnik xüsusiyyətləri, ABŞ-dakı Türk diasporunun indiki durumu, onun Azərbaycan və yəhudi diaspor qurumları ilə əlaqələrinin perspektivləri və digər mövzularda çıxışlar səslənəcək, müzakirələr aparılacaq", - məlumatda qeyd edilir.
Konfransda Azərbaycan diaspor təşkilatlarından Azərbaycan Nyu-York Assosiasiyasının, "US-Azeris Network" şəbəkəsinin, "Mirvari" Beynəlxalq Fondunun, Bostondakı Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin Türk diasporunun, gürcü icmasının, dağ yəhudiləri, Buxara yəhudiləri icmalarının, Nyu-Yorkda fəaliyyət göstərən yəhudi təşkilatlarının nümayəndələri iştirak edəcəklər. "Tədbir çərçivəsində ABŞ-da yaşayan azərbaycanlı rəssam və heykəltaraşların əsərlərindən ibarət sərgi də nümayiş etdiriləcək", - komitənin məlumatında vurğulanır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]