Azərbaycan, Bakı, 07 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanda 60-a yaxın vakant hakim yeri üçün cümə axşamı test imtahanları keçirilib.
Bakı İdman Sarayında vahid auditoriyada 440-dək hakimliyə namizədin iştirak etdiyi imtahan Hakimlərin Seçki Komitəsi (HSK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə təşkil olunub.
İmtahan prosesinin bütün mərhələləri - sualların seçilməsi, test sualları kitabçasının çap edilməsi, cavabların yoxlanılması imtahan keçirilən zalda, namizədlərin və müşahidəçilərin qarşısında həyata keçirilir.
HSK tərəfindən hazırlanmış 1000-dən çox test sualları blankından təsadüfi yolla 10 variantda sual blokları seçilib. Sonra hakimliyə namizədlərdən biri həmin sual bloklarından birini seçib və həmin sual bloku çoxaldılaraq hakimliyə namizədlərə paylanılıb.
Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev jurnalistlərə bildirib ki, namizədlər 4 saat müddətində 100 sualı cavablandırmalıdır. Sualların böyük əksəriyyəti isə cinayət və mülki hüquq sahəsinə aiddir.
Düzgün cavabların hər biri 1 bal qiymətləndiriləcək, 60 və daha çox bal toplayan namizəd müsabiqənin ikinci mərhələsində iştirak hüququ qazanacaq.
HSK-nın sədri bildirib ki, cavab kartları imtahandan dərhal sonra yoxlanılacaq və auditoriyada elan olunacaq.
İmtahanın nəticəsindən narazı qalan namizədlərə 5 gün müddətində apellyasiya şikayəti vermək imkanı yaradılıb.
Bundan sonra uğur qazanmış namizədlərlə müsabiqənin yazılı imtahan mərhələsi keçirilək.
İmtahanların gedişi 30-dək beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən müşahidə olunub.
İmtahanın nəticələri saat 17.00-dan sonra açıqlanacaq.
HSK tərəfindən hakimliyə namizədlər üçün indiyədək iki müsabiqə keçirilib və 157 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]