Azərbaycan, Bakı, 07 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə "Prezident kuboku" turniri cümə axşamı start götürüb.
Trend -un məlumatına görə, "ÜNS" yaradıcılıq səhnəsində təşkil olunan yarışda Azərbaycan və dünya yığmaları üzə-üzə gəlirlər.
Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, gənclər və idman naziri Azad Rəhimov, FİDE prezidenti Kirsan İlyumjinov və digər qonaqlar iştirak ediblər. Tədbirdə Rüstəmov, İlyumjinov çıxış edərək ölkəmizdə şahmatın inkişafından danışıblar, "Prezident kuboku"nda mübarizə aparan idmançılara uğurlar arzulayıblar.
Bədii hissədən sonra turnirin püşkü atılıb. Püşkatmada yarışın baş hakimi Faiq Həsənov, dünya yığmasından Vişvanatan Anand, milli komandamızdan isə Teymur Rəcəbov iştirak edib. Nəticədə ağ fiqurlar bizim, qaralar isə rəqib komandanın bəxtinə çıxıb.
İlk turda Rəcəbov Anandla (Hindistan), Vüqar Həşimov Vladimir Kramniklə (Rusiya), Şəhriyar Məmmədyarov Aleksey Şirovla (İspaniya), Qədir Hüseynov isə Sergey Karyakinlə (Ukrayna) mübarizə aparır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]