...

Azərbaycanda hakim olmaq istəyənlərlə yazılı imtahan keçirilir

Cəmiyyət Materials 30 İyun 2009 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda 60-a yaxın vakant hakim yeri üçün keçirilən müsabiqənin çərşənbə axşamı ikinci mərhələsi-yazılı imtahan keçirilir.

Trend -un məlumatına görə, çərşənbə axşamı Bakı İdman Sarayında vahid auditoriyada keçirilən imtahanda 211 namizəd iştirak edib.

İmtahandan öncə, Məhkəmə-Hüquq Şurası tərəfindən tərtib olunmuş suallar sırasından 8 sual seçilib və namizədlərin və müşahidəçilərin iştirakı ilə həmin suallardan ikisi (cinayət və mülki hüququn hər birindən 1 sual) seçilib və namizədlərin sayına uyğun çoxaldılaraq paylanılıb.

Hər bir namizəd kazus formasında olan suallar üzrə cinayət işi üzrə hökm, mülki iş üzrə qətnamə hazırlamalıdır. Sualların cavablandırılması üçün namizədlərə 4 saat vaxt verilib.

Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev jurnalistlərə müsahibəsində bildirib ki, imtahanların nəticələri ikiqat yoxlamadan keçiriləcək. Cavablar HSK və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanılacaq. Hər iki yoxlamanın nəticələri toplanacaq və ikiyə bölünəcək. Hər sual üzrə 60 və daha çox bal toplayan namizəd növbəti mərhələdə iştirak etmək imkanı qazanacaq.

Nağıyev bildirib ki, növbəti mərhələdə namizədlər şifahi imtahan verəcəklər. Bu mərhələni də müvəffəqiyyətlə keçən namizədlər uzunmüddətli tədrisə cəlb olunacaqlar. Tədrisin nəticələri əsasında namizədlər yazılı və şifahi imtahan verəcək. Sonda isə bütün mərhələləri keçən namizədlərlə müsahibə aparılacaq.

Namizədlərlə test imtahanları mayın 7-də keçirilib. İmtahanların gedişi 30-dək beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən müşahidə olunub. Test imtahanında iştirak etmiş 438 namizəddən 213 nəfəri 60 və daha çox bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək imkanı qazanıb. Namizədlərin cavab kartları imtahandan dərhal sonra yoxlanılıb və auditoriyada elan olunub.

HSK tərəfindən hakimliyə namizədlər üçün indiyədək iki müsabiqə keçirilib və 157 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti