Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir C.Babayeva /
2006-cı ildə Almaniyada Azərbaycan ekspertləri tərəfindən yaradılmış Beynəlxalq Münasibətlər üzrə Qafqaz Jurnalı (Caucasian Review of International Affairs - CRIA) bu yaxınlarda ABŞ-ın Kolumbiya Universitetinin beynəlxalq münasibətlər üzrə elektron elmi resursuna (Columbia International Affairs Online (CIAO)) qəbul edilmişdir. Sözügedən resurs beynəlxalq münasibətlər sahəsində nəzəriyyə və araşdırmalar üzrə dünyada ən böyük və nüfuzlu mənbə hesab edilir. Jurnalın baş redaktoru Nəsimi Ağayevin verdiyi məlumata görə, bununla, CRIA öz məqalələrini böyük sayda tədqiqatçılara və mütəxəssislərə təqdim etmək imkanı qazanmışdır.
Nyu-Yorkda yerləşən Kolumbiya Universiteti Nəşriyyatı tərəfindən idarə olunan CIAO beynəlxalq münasibətlər üzrə ixtisaslaşan yalnız 77 seçilmiş elmi jurnalı əhatə edir. Bunların arasında Foreign Affairs, Foreign Policy, World Affairs, International Security kimi nüfuzlu nəşrləri qeyd etmək olar. Bu resursda CRIA bütün Qafqaz regionunu təmsil edən yeganə jurnal, keçmiş SSRİ məkanından isə iki elmi jurnaldan biridir.
Frankfurt-am-Mayn şəhərində mənzillənmiş jurnal indiyə kimi dünyanın bir sıra universitetlərinin kitabxana kataloqlarına daxil edilmişdir. Bu sırada Harvard, Prinston, Oksford, Kembric, Stanford, Kolumbiya, Cons Hopkins, Corctaun, Toronto, Azad Berlin, Hamburq, Vyana, Münhen kimi universitetlərin adını çəkmək olar.
Jurnal ildə dörd dəfə ingilis dilində nəşr edilən, qeyri-kommersiya xarakterli, elektron jurnaldır. Qafqaz və ətraf regionlara dair məsələlərin daha yaxşı anlaşılması məqsədilə jurnal region və qonşu ölkələr barədə analitik məqalələr dərc edir. Eyni zamanda, jurnalda beynəlxalq siyasətin aktual məsələləri də işıqlandırılır. Jurnalın Redaksiya Şurası və Məşvərətçi Şurasına Oksford Universiteti, London İqtisadiyyat Məktəbi, Kolumbiya Universiteti, Corctaun Universiteti, Vyana Universiteti, London Kral Kolleci kimi Avropa və ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin alimləri daxildir.
J
urnalın son sayı ilə http://www.cria-online.org internet səhifəsində tanış olmaq olar. Yeni sayda 2008-ci il Cənubi Osetiya müharibəsinin beynəlxalq KİV tərəfindən işıqlandırılması, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və bu kontekstdə özünün Mərkəzi Asiyada mövqelərini gücləndirməsi, qlobal maliyyə böhranının Gürcüstana, xüsusilə ABŞ-ın Gürcüstan siyasətinə təsiri, bu ölkədə yoxsulluğun azaldılması problemləri, Rusiya regonlarının birləşdirilməsi siyasətinin real səbəbləri və mümkün nəticələri və son bələdiyyə seçkilərinin Türkiyədə kürd məsələsinə potensial təsirləri barədə analitik məqalələr nəşr edilmişdir. Jurnalın növbəti sayı 2009-cu ilin noyabr ayında işıq üzü görəcəkdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]