...

Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı təkliflər hazırlanır

Cəmiyyət Materials 14 Sentyabr 2009 11:17 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin əməkdaşı Taliyə İbrahimova Trend News-a bildirib ki, qurum alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə Aliment Fondunun yaradılmasını təklif edir.
Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı təkliflər hazırlanır

Azərbaycan, Bakı,14 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Komitəsi Ailə Məcəlləsinə təkliflər hazırlayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin əməkdaşı Taliyə İbrahimova bazar ertəsi Trend -a bildirib ki, qurum alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə Aliment Fondunun yaradılmasını təklif edir.

"Fond vasitəsilə uşaqlar dövlətin hesabına təmin olunacaq. Cavabdeh şəxs dövlətə borclu qalacaq və sonradan borcunu dövlətə ödəyəcək. Xarici ölkələrdə bu institut var və özünü doğruldub", - deyə İbrahimova bildirib.

Dövlət Komitəsinin əməkdaşı Fondun yaradılması məsələsinin iqtisadi böhran səbəbindən qısa zamanda həll olunacağını real saymır.

Ailə Məcəlləsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə aliment ödənilməsi üçün saziş bağlamaq hüququna malikdirlər. Aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur.

Alimentin məbləğini isə qanunvericilik aşağıdakı kimi müəyyən edir.

Bir uşağa görə, qazancın və ya valideynərin başqa gəlirlərinin dördən biri, 2 uşağa görə üçdən biri, 3 və daha çox uşağa görə qazancın yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyət, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Əgər valideynlər arasında aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, məhkəmə uşaqların saxlanması üçün sabit pul məbləği də müəyyən edə bilər.

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Cari ilin 6 ayında Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin icraatında alimentlə bağlı 22 min 268 iş olub ki, bu da, icraatdakı işlərin 36-37 faizini təşkil edib. İcraatda olan işlərdən 1636-sının icrası tam təmin olunub. Təmin olunan işlər sırasına uşağın 18 yaşına çatması, alimentdən imtina və razılaşma nəticəsində həllini tapmış işlər də daxildir.

Hazırda İdarənin icraatında alimentlə bağlı 20 min 634 məhkəmə qərarı var.

İdarənin rəisi Xanlar Zeynalov bazar ertəsi Trend -a bildirib ki, ötən illə müqayisədə alimentlə bağlı icraya verilən işlərin sayı artıb.

Alimentlə bağlı problemin sosial problemə çevrildiyini deyən İbrahimova bildirib ki, bu məsələ ilə əlaqədar Komitəyə kifayət qədər şikayət daxil olub.

Şikayətlər isə məhkəmə qətnaməsinin icra olunmaması və cavabdehin alimenti ödəməkdən yayınması ilə bağlıdır.

"Komitəyə alimentlə bağlı məhkəmə qərarlarının icra olunmamasına görə, 2007-də 37, 2008-də 62, bu ilin 6 ayında 75 müraciət daxil olub. Belə müraciətlər ilbəil artır", - deyə İbrahimova vurğulayıb.

İbrahimova bildirib ki, Komitə alimentin minimum məbləğinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparır. Hazırlanan təkliflərdən biri də alimentin minimum məbləğinin müəyyən edilməsidir.

İbrahimova bəzi ölkələrdə aliment ödəməkdən boyun qaçıran şəxslərə alternativ cəza tədbirlərinin də tətbiq olunduğunu diqqətə çatdırıb və bunun Azərbaycanda tətbiqini mümkün sayır.

"Rusiyada cavabdehin telefonuna mobil opertor tərəfindən alimentin ödənilməsi barədə tez-tez xəbərdarlıq olunur, bəzi ölkələrdə aliment ödəməyən şəxsin sürücülük vəsiqəsi alınır", - o qeyd edib.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə Trend -a açıqlamasında alimentin ödənilməsi ilə bağlı yaranan problemin ciddiliyini nəzərə alaraq, məsələnin müzakirədə olduğunu və Komitədə bununla bağlı araşdırmalar aparıldığını bildirib.

Komitə sədri bildirib ki, Ailə Məcəlləsinə alimentin mülkiyyətə yönəldilməsi ilə bağlı təklif verilib.

"Bir sıra ölkələrin təcrübəsində bu tətbiq olunur. Məsələn, Rusiyanın bu sahədə təcrübəsindən yararlanmaq mümkündür. Rusiyada aliment ödənmədikdə, qərarın icrası cavabdehin əmlakına yönəldirlir. Həmçinin Rusiyada aliment verən şəxsin ölkədən çıxmasına icazə verilmir", - deyə Rəcəbli vurğulayıb.

Rəcəbli alimentin minimum məbləğinin minimum əmək haqqına uyğunlaşdırılması təklifinin də müzakirə olunduğunu deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti