Bu gün Tehran Şəhər Məhkəməsində İranda prezident seçkilərindən sonra yaranmış iğtişaşlar zamanı həbs olunmuş şəxslərin işi üzrə beşinci məhkəmə prosesi başlayıb. Bu barədə Trend İran televiziyasına istinadən məlumat verir.
Bugünki iclasda iğtişaşlar zamanı internetdə yalan məlumatlar yayaraq əhali arasında çaşqınlıq yaradan 6 nəfərin məhkəməsi aparılacaq. Məhkəmə Tehran şəhər İmam Xumeyni adına məhkəmə salonunda keçirilir.
Bundan öncə iğtişaşlarla əlaqədar həbs olunmuş şəxslərin işi üzrə 4 məhkəmə prosesi keçirilib. Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, partlayıcı qurğu qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə, universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri xarici mətbuata ötürməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda ittiham olunurlar.
Trend -un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında qarşıdurmaya səbəb olub. Qarşıdurmalar zamanı həlak olanlar qeydə alınıb. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.