Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir H.Bağırov/
Fərarilikdə ittiham olunan Azərbaycan Ordusunun hərbi qulluqçusuna hökm oxunub.
Trend -un məlumatına görə, bu gün Lənkəran Hərbi Məhkəməsində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əhmədov Cabir Səttar oğluna 3 il 1 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Əhmədov Lənkəran şəhərində yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri olub və bu ilin fevralında xidməti yerini özbaşına tərk edib. Elə həmin vaxtdan Lənkəran rayon Hərbi Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 334-cü (fərarilik) maddəsilə axtarış elan edilib.
Əzizbəyov rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının daxil olan axtarış məlumatı əsasında həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əhmədov mayın 13-də paytaxtda tutularaq Lənkəran rayon Hərbi Prokurorluğuna təhvil verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]