...

Avropa Məhkəməsi Azərbaycanı cərimələyib

Cəmiyyət Materials 17 Dekabr 2009 14:52 (UTC +04:00)
Azərbaycan dövlətinin Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun cümə axşamı Trend News-a verdiyi məlumata görə, bu gün Məmmədov Mikayıl Səttar oğlunun Azərbaycana qarşı şikayəti üzrə qərar elan olunub.
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib

Azərbaycan, Bakı, 17 dekabr / Trend , K.Zərbalıyeva/

Avropa Məhkəməsi Azərbaycanı 20 min avro cərimələyib.

Azərbaycan dövlətinin Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun cümə axşamı Trend -a verdiyi məlumata görə, bu gün Məmmədov Mikayıl Səttar oğlunun Azərbaycana qarşı şikayəti üzrə qərar elan olunub.

Qərarda Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) pozulması qeyd olunub və bu pozuntuya görə, Azərbaycan 20 min avro məbləğində cərimələnib.

48 yaşlı Məmmədov Mikayıl Səttar oğlu Qubadlı rayonundan məcburi köçkündür, hazırda Sumqayıtda yaşayır. Ailəsi ilə birlikdə yataqxanada məskunlaşan Məmmədov 2003-cü ildə Sumqayıtdakı köhnə hərbi-inzibati binanın bir neçə boş otaqlarını bərpa edərək heç bir rəsmi icazə olmadan ora köçüb.

2004-cü ilin mart ayında iki yerli vəzifəli şəxs və polis zabitləri ailəni binadan məcburi cıxartmaq üçün ora gedib. Məmmədovun həyat yoldaşı Çiçək Məmmədova buna etiraz olaraq özünü yandırıb və bir neçə gün sonra bədənində olan şiddətli yanıqlardan vəfat edib.

Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozulmasından şikayət edən Məmmədov göstərib ki, həyat yoldaşının vəfatında şəhər icra hakimiyyətinin rəsmiləri və polis zabitləri məsuliyət daşıyırlar.

Şikayətçi bildirib ki, həmin şəxslər qanunsuz olaraq onun mənzilinə daxil olub, hədsiz zor tətbiq edib və həyat yoldaşını xilas etmək üçün heç bir zəruri tədbir görməyiblər. O, həmçinin qeyd edib ki, hakimiyyət orqanları işi hərtərəfli araşdırmayıblar.

Avropa Məhkəməsi Azərbaycana qarşı 21 qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti